AZ

İnsan alverində əsas silah zorakılıq yox, manipulyasiyadır” Mehriban Zeynalova

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Qadınlar daha çox rəqəmsal tələlərlə insan alverinə cəlb olunur

"Qadın öz asılılıq və ehtiyaclarını daha çox qadınlara danışa bilir. Ehtimal ki insan alveri şəbəkəsinin üzvü olanlar bu ehtiyacları öyrənirlər və daha tez əlaqə qurub cəlb edə bilirlər"

Qadını qadından qoru! Atalar sözü olmasa da, nəsihət və məsləhət dəyərindədir. O səbəbdən ki, məhz qadınlar, təəssüflər olsun, qadınları tora salır, insan alveri qurbanına çevirir. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunur ki, 2025-ci ildə məhkəmələr tərəfindən 14 insan alverçisi azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məhkumlardan 4-ü kişi, 10-u qadındır. 2025-ci ildə insan alveri, seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə yerli axtarışda olan 31 təqsirləndirilən şəxsdən 15-i, o cümlədən 3 insan alverçisi tutulub.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, niyə məhz qadınlar qadınları daha çox aldadır sualına cavab verəsi olsaq, insan alveri qurbanına gətirib çıxaran səbəblərin müxətlif olduğu görünəcək: 

- Burada səbəb təkcə qadının qadına inamı, etibar etməsi deyil, həm də şəxsin həssaslıq vəziyyətindən sui-istifadə daha çox rol oynayır. Qadın öz asılılıq və ehtiyaclarını daha çox qadınlara danışa bilir. Ehtimal ki insan alveri şəbəkəsinin üzvü olanlar bu ehtiyacları öyrənirlər və daha tez əlaqə qurub cəlb edə bilirlər. Lakin bəzi hallarda istismar olunanlar üçün belə tələb də qoya bilirlər ki, özünü kiminləsə əvəzləsin və sərbəst buraxılsın. İnsan alverində cəlbetmədə daha çox manipulyasiya var, nəinki zorakılıq. Zorakılıq istismar dövrünü əhatə edir. 

M.Zeynalova bildirdi ki, yardım xidmətlərinə çıxışdan məlumatsız olanlar çox vaxt bu tələyə daha tez düşürlər: 

- Lakin artıq bu prosesə tanışlar, dostlar əvəzinə, yeni tendensiyada - rəqəmsal cəlbetmələr fonunda yanaşılmasına və daha çox diqqət ayrılmasına ehtiyac var. Hazırda sosial şəbəkələr üzərindən cəlbetmələr daha geniş yayılıb. Bu, gender balansının dəyişməsi ilə nəticələnə bilər. Yəni, rəqəmsal dünyada qadınları kişilər əvəzləyə bilər. Məsələn, hazırkı dövrdə romantik sevgi mesajları ilə tələlərin artımı diqqəti cəlb edir. Ən təhlükəlisi uşaqların prosesə cəlb edilməsidir. Düşünürəm, insan alveri ilə mübarizədə daha çox rəqəmsal cəlbetmənin qarşısının alınması üzrə fəaliyyəti təcili gücləndirməyə ehtiyac var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
sherg.az

1Mənbələr