AZ

Dermatoloq sağlam dəri üçün lazım olan məhsulları açıqladı

Dərinin sağlamlığını və gəncliyini qorumaq üçün orqanizmi vacib mikroelementlərlə təmin edən qidalanma mühüm rol oynayır. Qidalanma həm dərinin vəziyyətini yaxşılaşdıra, həm də əksinə, mənfi təsir göstərə bilər. 

HİT.az xəbər verir ki, bu barədə dermatoloq və kosmetoloq İrina Kotova RT-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, dərinin yaşlanma prosesini yavaşlatmaq və kollagen sintezini dəstəkləmək üçün orqanizmdə kifayət qədər dəmir, maqnezium, C vitamini və zülal olmalıdır. Sızanaqların müalicəsində A vitamini, dərinin quruluğu və damarların möhkəmləndirilməsi üçün omeqa-3 yağ turşuları və C vitamini, dermatoloji problemlərdə isə B qrupu vitaminlərinin balansı vacibdir.

Həkim qeyd edib ki, balanslı və müxtəlif qidalanma dəriyə müsbət təsir göstərir. Eyni məhsulların daim qəbul edilməsi isə gözlənilən nəticəni verməyə bilər.

Mütəxəssis həmçinin kifayət qədər su içməyin vacibliyini vurğulayıb. Yaşıl çay antioksidantlarla zəngin olduğu üçün dəri üçün faydalı sayılır. Rasionda mürəkkəb karbohidratlar, zülal və lif də olmalıdır. Xüsusilə qırmızı ət və dəniz məhsulları tövsiyə edilir. Heyvani zülal həm də saç və dırnaqların sağlamlığı üçün vacibdir.

Lif isə bağırsaq sağlamlığını və mikroelementlərin mənimsənilməsini dəstəkləyir. Buna görə gündəlik rasiona tərəvəz və meyvələrin daxil edilməsi tövsiyə olunur.

Dərinin vəziyyətinə mənfi təsir göstərən məhsullar arasında isə şirniyyatlar, sadə karbohidratlar, alkoqol, hisə verilmiş məhsullar, marinadlar və ədviyyatlı yeməklər qeyd olunur. Həmçinin akne problemi olanlara tam südün məhdudlaşdırılması tövsiyə edilir.

Allergiyaya meyilli şəxslərə bəzi rəngli tərəvəz və meyvələrdən də ehtiyatlı olmaq məsləhət görülür.

Samir
 

Seçilən
25
hit.az

1Mənbələr