Bu ilin birinci rübündə Azərbaycanda ödəniş kartları ilə bağlı ölkədaxili fırıldaqçılıq hallarının sayı və dəyəri kəskin artıb, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir.
Məlumata görə, yanvar-mart aylarında ölkədaxili 4 995 fırıldaqçılıq halı qeydə alınıb ki, onların ümumi dəyəri 1 milyon 350,5 min manat təşkil edib. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 dəfə və 3,1 dəfə artıb.
Hesabat dövründə ölkəxaricində baş vermiş kart fırıldaqçılığı hallarının sayı isə 64,1% artaraq 6 020-yə, ümumi dəyəri isə 73,1% yüksələrək 325,3 min manata çatıb.
AMB-nin məlumatına əsasən, ölkədaxili fırıldaqçılıq hallarının 21,4%-i hesabların ələ keçirilməsi, 78,6%-i isə digər üsullarla törədilib. Xaricdə baş verən fırıldaqçılıq hallarının 60,2%-i kartın fiziki iştirakı olmadan həyata keçirilib.
Statistikaya görə, ölkədaxili fırıldaqçılıq hallarının 98,3%-i elektron ticarət və mobil tətbiqlər üzərindən qeydə alınıb. Xaricdə baş verən oxşar halların isə 80,6%-i elektron ticarət və mobil tətbiqlərlə bağlı olub.