AZ

Tərcümə sənətinin ustad tərcümanı

Azərbaycan mətbuatının tanınmış simalarından biri, dərin analitik təfəkkürə malik publisist, nüfuzlu ziyalı, tərcüməçi, Əməkdar jurnalist, professor Tofiq Rüstəmovun bu il 90-cı ildönümüdür. Sözə məsuliyyətlə yanaşan, publisistikanı düşüncə və mövqeyin platforması kimi dəyərləndirən, zəngin yaradıcılığı ilə milli mətbuat tariximizdə özünəməxsus iz qoyan Tofiq Rüstəmov “Xalq qəzeti”nin baş redaktoru olduğu illərdə ölkəmizdə gedən ictimai-siyasi proseslərin operativ şəkildə işıqlandırılmasına, mətbuatın cəmiyyət həyatındakı rolunun möhkəmlənməsinə böyük önəm vermişdir. Onun bədii-publisistik irsində xüsusi yer tutan “Molla Nur” əsərinin tərcüməsi isə müəllifin həyat müşahidələrinin, ictimai proseslərə həssas münasibətinin və insan xarakterlərinə dərindən nüfuz etmək bacarığının bariz nümunəsidir.

Bu il “Molla Nur”un 190, onun tərcüməçisi, professor Tofiq Rüstəmovun isə 90 yaşı tamam olur. Yubiley ərəfəsində povestin ikinci nəşri oxuculara dəyərli hədiyyədir.

Molla Nur

(əvvəli qəzetin 2 may tarixli sayında)

Erkən başlanan isti qızmar nəfəsi ilə tacirin və əkinçinin ümidlərini külə döndərirkən Dərbənddəki məyusluğu təsəvvürünüzə gətirə bilərsiniz, Dərbənd sakinlərinin də, demək olar ki, hamısı ya əkinçi, ya tacirdir və torpağının yarısında buğda, yarısında boyaqotu əkir. Düzünə qalsa, onların qorxuya düşməsi üçün bu dəfə bir çox qanuni səbəblər vardı. Qonşuluqda yaşayan dağıstanlılar Qazı mollanın dövründən, qaldırdıqları qiyamın əvəzində layiqli cəza almış, aclığa düçar olmuşdular. Səpin vaxtı onlar güllə səpirdilər; biçin dövrü gələndə intiqam biçdilər; at dırnaqları və od-alov zəmilərini xaraba qoydu, payız yelləri biçilməmiş taxılı havaya sovurdu, çünki dağlılar bütün yayı və payızı o qəddarın bayrağı altında at çapmışdılar, rusların qorxusundan mağaralara çəkilmişdilər. O vaxt zəmilərdə yalnız ölüm dəryazı hökm sürürdü. Bu işlərin nə ilə qurtaracağını anlamaq çətin deyildi. O biri yayda payızlıq məhsulun yetişməsini belə gözləmədilər, buğdanı sütül-sütül yeyib qurtardılar. Davadan salamat qalan hər şey: mis qab-qacaq, qiymətli silahlar, yaxşı xalılar bahalaşmış buğda unu almaq üçün şəhər bazarlarında dəyər-dəyməzinə satılırdı. Belə şeylərə gümanı gəlməyənlərə dost-düşmən əlindən qurtulmuş sürülərini kəsib yeyirdilər. Nəhayət, dilənçi kökünə düşənlər dəstə-dəstə dağlardan enib şəhərlərə doluşdular və sədəqə diləməyə başladılar. Qayğıkeş hökumət adamları aclığın qabağını almaq, alverçilərin inhisarına son qoymaq üçün tədbir gördülər. Həştərxandan gəmilərlə un gətirildi; dövlətlilər artıq taxıllarını kasıblara payladılar, bir müddət camaat sakit oldu. Təzə məhsul hər şeyi yoluna qoya bilərdi. Şəhərdə Əli təriqətinə mənsub birinci şəhid imam Hüseynin müqəddəratından bəhs edən dini-teatr xatiratı – qətl mərasimi təzəcə qurtarmışdı. Dərbəndlilər ilboyu camaatın yeganə əyləncəsi olan bu mərasimin ən xırda qayğılarına və ayinlərinə uşaq sadədilliyi ilə uyaraq gecələrin sərinliyində biçin və istini büsbütün unutmuşdular. Nəinki unutmuşdular! Hətta sevinirdilər ki, yağış mənasız əyləncələrinə mane olmur.

Lakin mərasim günlərinin səs-küyü azaldı, onlar keçmişdən bu günə qayıtdılar, yaxşıca yuxularını alıb şəhər qapısından oyana baxanda, qarsalanmış tarlaları görəndə elə bil başlarına qaynar su töküldü. Aclıq qorxusu, tamahkar üçün aclıqdan daha pis olan ziyana düşmək qorxusu əlində gülabzan, qaval və nəğmə sədaları altında, barmaqlarının ucunda yeriyə-yeriyə astaca onlara yaxınlaşdı, dişlərini qıcadıb qarşılarında necə gözlənilmədən ayaq saxladısa onun solğun çöhrəsi hamıya bir o qədər dəhşətli göründü. Bütün qara və qırmızı saqqalların tərpənməsinə, ağacdan və kəhrəbadan yonulmuş bütün Dərbənd təsbehlərinin şaqqıltısına siz onda baxaydınız. Hamının sifəti sual işarəsinə dönmüşdü; hamının ağzında nida işarələri dolaşırdı. Bazarlarda, karvansaralarda, küçələrin tinində – yan qoymağa bir-iki tir və ya daş tapılan hər guşədə, yəqin ki, bir dəstə tatar sallağı oturub havadan bəhs açırdı, Avropa şəhərləri əhalisinin daim təkrarladığı və heç kəsin fikir vermədiyi belə söhbətlər isə ucu qurğuşunlu qamçı kimi dərbəndlilərin ürəyinin başına dəyirdi. Doğrudan da, quraqlıq üzündən yeganə dolanacaq mənbəyi olan boyaqotusuz qalmaq, buğda üçün gümüş vəznində xərcə düşmək zarafatdır məgər? Yoxsullar yaşamaq hayında, varlılar pul kisəsinin hayında idilər. Birincilər aclıq, ikincilər məcburi xeyriyyəçilik təhlükəsi qarşısında qalmışdılar. Bahalıq söhbəti düşər-düşməz mədələrin və ciblərin ağzı büzülürdü; hamı ah-ufla gününü keçirirdi, “azar qorxusu çəkən isə, – Montan demişkən, – artıq qorxu azarına düçar olmuşdur”. Burada arzu həqiqətə çevrilir və sağlam gerçəklik vaxtından qabaq gələcəkdəkilərin əzabını çəkməyə başlayır, gələcəkdəkilər isə bəlkə də heç olmayacaq, yaxud tamam başqa qiyafədə olacaq.

Yaxın keçmişdəki vəba müsibətlərini yadımıza salaq; bu Hindistan yırtıcısının, bu əcaib yoluxmanın qəfil gəlişi barədə xəbərlərin Rusiyaya necə dağıdıcı vahimə ilə yayıldığını xatırlayaq; zəncirlər onu buxovlaya bilmədi, gənclik və sağlamlıq onun qarşısında aciz qaldı; o, ağına-bozuna baxmadan ehtiyatlılarıda, ehtiyatsızları da, qorxmazları da, qorxaqları da qırıb-çatdı. Əvvəlcə vəba adı nəinki sevinc duyğusunu, havanın özünü belə zəhərlədi, lakin insan yavaş-yavaş ətrafında və irəlidə gördüyü dağıntıya alışdı. O zamanlar ağlaşma da uzun çəkmirdi; bəzən ağlayanların lap yaxınlığında gülüş qopurdu, əgər axır-axırda adamlar oxuyub oynamırdılarsa, deməli, ölüm qorxusu onları ikiüzlülükdən çəkindirməmişdi.

Hər halda, qıtlıq qorxusu dərbəndliləri üzüb əldən salırdı. Müsəlmanlar məscidlərdə ibadətə başladılar: yağış yağmadı! Sonra ibadəti çölün düzünə keçirdilər, ümid edirdilər ki, Allah onların yalvarışlarını daş tağların altındakına nisbətən açıq səmadan daha tez eşidər: damcı da görünmədi! Bir qədər intizarla dayandılar, ətrafa göz gəzdirdilər, – səma elə bil tuncdan tökülmüşdü, qətrə-qətrə əriyib axırdı, közərmiş torpaq ayaq altında yanıq dəmir kimi ovulur və ibadətçilərin üzündən axan tər damlalarını acgözlüklə canına çəkirdi. Nə etməli?.. Çarəsizlikdən bütpərəstlik xürafatına əl atdılar. Oğlan uşaqları tinlərin başında dəsmal sərib yol keçənlərdən mum və gülab almağa pul yığdılar; sonra mələk kimi gözəl bir oğlanı budaqlarla sarıdılar, çiçək və bafta ilə bəzəyib-düzədilər və çox güman ki, bir zaman şeh və yağış Allahı Güdülün şərəfinə qoşulmuş nəğmənin ahəngində oxuya-oxuya küçələrə düşdülər. Mən “çox güman ki” deyirəm, çünki Güdül haqqında dolğun məlumat toplaya bilməmişəm. Yağış diləyi adətən bu nəqarətlə tamamlanırdı:

Güdül, Güdül, xoş gəldi!
Ardından, yağış gəldi!
Gəlin, ayağa dursana,
Çömçəni doldursana!

Cavanlar əl çala-çala, sadədillikdən doğan inamla rəqs edir, oxuyur, yallı gedirdilər, elə bu vaxt – bir ora baxın! – doğrudan da dolmuş buludlar günəşin qabağını kəsdi... Göyün üzü pulu əlindən çıxan xəsisin sifəti kimi tutuldu, kölgə özgə küçüyü təki quyruğunu qısıb gözdən itdi; ətrafa qaranlıq çökdü; amma hamının gözləri parıldadı, sevinc yaşları ilə doldu, baxışlar dirilik suyuna yönəldi... Yağış damcılamağa başladı. “Allah, Allah!” nidası havaya ucaldı, şadyanalıq sədaları fişəng kimi fışıldayaraq Dərbənd üzərində bir-birinə qovuşdu. Amma faydasız, vaxtsız sədalar idi bunlar! İran tərəfdən tülkü dərisi kimi isti külək əsib yüngül buludu dağıtdı. Birdən-birə günəş bayaqkından daha gur işıq saçdı, camaat bayaqkından daha artıq qüssələndi. Bir gün də keçdi. Daha bir gün qızmar səhrada addımlayan yorğun səyyah kimi ağır-ağır nəfəs alaraq dağların dalına çökürdü. Hamı ibadətdə, hər şey yağışın intizarındadır...

Yağış isə yağmır ki, yağmır!
Xalq Barbad
Tatar lüğəti

İşdir, Dərbənddən keçib getməli olsanız, hökmən vaxt tapıb Came məscidinə tamaşa eləyin, yoxsa Xvalınsk dənizinin sahilində qərar tutan, Allah amanında olan bu şəhərdən danışmağa yaxud onu xatırlamağa söz tapmazsınız. Bu məscid, – deyə şəhadət barmağınızla tütün qabını taqqıldada-taqqıldada, yaxud elə həmin barmağınızla çubuğunuzdakı tütünü sıxa-sıxa danışmağa başlayacaqsınız, – bu məscid, çox güman ki, keçmişdə xristian kilsəsi olub (duruxmayın: günahı mənim boynuma), çünki üzü şərqə baxır, müsəlman məscidlərinin giriş qapısı isə həmişə şimal-şərqə tərəf olmalıdır ki, dindarlar Məkkə və Mədinəyə, yəni cənub-qərbə üz tutub ibadət edə bilsinlər. İkincisi, burada uçurulmuş mehrabın izləri aydın görünür, tatarlar həmin məscidin guya hicri tarixlə birinci əsrdə (təxminən min iki yüz il bundan qabaq) tikildiyini iddia etsələr də, biz Dərbənd kilsəsinin mövcudluğunu tamamilə düzgün göstərən yunan yeparxiyalarının hesablamasına əsaslanıb qətiyyətlə deyə bilərik ki, bu məbəd daha qədim dövrlərə aiddir. Sal daşlar döşənmiş, uca çinarların kölgəsinə sığınmış, ortasında hovuz düzəldilmiş geniş, dördkünc həyət məscidin qarşısında sərilən qonaqpərvərlik xalısını xatırladır. Həmişə açıq olan üç qapı dindarları dünyanın dərdlərini unudub bu sakitlikdə Allahı düşünməyə çağırır. Şərq tərəfdə hücrələr yan-yana düzülüb, şimal tərəfdə ibadətçiləri yayın bürküsündən qoruyan eyvan yerləşir. Qərb tərəfdə həyət boyu uzanan, mamır örtüyündən yaşıla çalan məscid divarı ucalır; köklü-köməcli dayaqlar çiynini qabağa verib onu dik saxlayır. Binanın tən ortasındakı sivri günbəz dua sədaları kimi səmaya yol alır, onun qurtaracağındakı ulduz isə hər yana şölə saçır. Baş qapının üstündə Quran ayəsi bərq vurur. İçəri keçirsiniz, gözlənilmədən rütubətli alaqaranlıq sizi qoynuna alır, qeyri-ixtiyari ehtiram sükutu qəlbinizi fəth edir (lap Şatobrianı xatırladır!). Çəkmələrinizi bir qırağa atın, qarmaqarışıq fikirləri beyninizdən çıxarın! Küçələrinizin palçığını, içinizin paxırını Allahın evinə gətirməyin. Dizləriniz yerdə, ürəyiniz göylərdə olsun... Təsbeh çevirə-çevirə qazancınızı yox, günahlarınızı hesablayın. La ilahə illəllah və Məhəmmədün rəsulullah! Allahdan başqa heç bir tanrı yoxdur və Məhəmməd Allahın elçisidir! Dindarların duası həzin-həzin səslənir; onlar dizüstə oturub, yaxud alınlarını xalçaya yapışdırıb sidqi-ürəkdən ibadətlə məşğuldurlar; nə bir səs, nə bir nəzər onların diqqətini yayındıra bilir; gözlərinin ucu ilə də olsa dönüb ətrafa baxmırlar. Sağda və soldakı çatma qübbəli iki cərgə tağ öz sütunlarının kölgəsini səkinin üstündə qovuşdurub alaqaranlıqda görünməz olur. Dəstə-dəstə ibadətlə məşğul olanlar yuxarıdakı xırda pəncərələrdən zülmət qaranlığa süzülən zəif işıqda ara-sıra görünüb gözdən itir. Qaranquşlar günbəzin altında süzür və oxunan duanın sözləri kimi açıq səmaya uçur; hər şeydə bu günün yoxluğu duyulur (bütün bunlar heç olmasa tarixi romana yarayaydı), hər şey yorğun ürəyə sərinlik və xoş duyğular bəxş edir. İnsan yaddaşı çoxdan olub keçənləri bir-bir çözələyir və dilə gəlir – indi görən hardasınız, ey bu məbədi ucaldan xristianlar? Hanı sizə verilən ehsanlar? Sizi Dərbəndin əfsanələrlə dolu tarixində, “Dərbəndnamə”də də yada salan olmayıb; bir zamanlar müqəddəs kilsə nəğmələrinin gurladığı bu yerdə indi Quran ayələri səslənir!

(ardı var)

Tərcümə Əməkdar jurnalist
Tofiq RÜSTƏMOVUNDUR

 

Seçilən
63
1
xalqqazeti.az

2Mənbələr