AZ

Seçim erməni xalqınındır: barış, yoxsa savaş

Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi mübarizə daha da kəskinləşib. Hakimiyyətlə müxalif revanşist qüvvələr arasında artan qarşıdurma ölkədə həm daxili sabitliyi, həm də gələcək siyasi kursu müəyyənləşdirən əsas amilə çevrilib. Bir tərəf sülh və sabitlik vədləri ilə seçicilərin dəstəyini qazanmağa çalışırsa, digər tərəf keçmişin işğalçı və radikal ideyalarını yenidən gündəmə gətirməklə hakimiyyətə qayıtmaq niyyətini nümayiş etdirir.

Ölkənin Baş naziri Nikol Paşinyan hökumətin mayın 7-də keçirilən yekun iclasında bildirib: "Sabahdan parlament seçkiləri kampaniyası başlayır. Mən və hökumət üzvlərinin əksəriyyəti seçki kampaniyasında iştirak etmək üçün tətildə olacağıq". Nikol Paşinyan onlar üçün prioritet seçkiləri beynəlxalq demokratik standartlar ruhunda keçirmək, Ermənistan xalqının iradəsinin sərbəst ifadəsini təmin etmək və seçicilərin iradəsinə hər hansı qanunsuz təsirin qarşısını almaq olacağını qeyd edib.

Bildiyimiz kimi, Ermənistanda növbəti parlament seçkilərinin bu il iyunun 7-nə keçirilməsi nəzərdə tutulub. Mərkəzi Seçki Komissiyasına seçkilərdə iştirak etmək üçün 19 siyasi güc - 17 partiya və 2 partiya bloku ərizə ilə müraciət edib. Seçkidə iştirak edəcəklərin siyahısında Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası, eləcə də Ermənistanın sabiq Prezidenti Robert Köçəryanın "Ermənistan" ("Hayastan"), Narek Karapetyanın "Güclü Ermənistan" blokları da var. Rusiyalı iş adamı Samvel Karapetyanın təsis etdiyi "Güclü Ermənistan" blokuna eyniadlı partiya, "Yeni Dövr" və "Birləşmiş Ermənilər" partiyaları daxildir.

Seçkilər ərəfəsində Ermənistanın daxili siyasi mənzərəsi daha aydın üzə çıxır. Vəziyyətin gərginləşməsi deməyə əsas verir ki, parlament seçkilərində iştirak edən müxaliflərin və onların tərəfdarlarının bir çoxu öz ölkəsinin müqəddəratını və soydaşlarının mənafeyini düşünmür. Onları maraqlandıran yalnız öz şəxsi məqsədləri və siyasi iddialarıdır. Seçkilərdə üstünlük qazanmağa çalışan revanşist qüvvələr müxtəlif populist vədlərlə cəmiyyəti öz tərəflərinə çəkməyə çalışırlar. İrəvanda baş verən son hadisələr deməyə əsas verir ki, onların çağırışlarına inanan və dəstək verən müəyyən qüvvələr hələ də mövcuddur. Həmin qüvvələrin əksəriyyəti bilərəkdən, yaxud da aldanaraq "böyük Ermənistan" xülyasından ayılmamışlar.

Məlumdur ki, ötən əsrdə "başbilənlər"inin qəddarlığı, qərəzi, kini, özlərinin belə inanmadıqları "böyük Ermənistan" kimi boş xülyaları erməniləri bataqlığa sürüklədi. Belələri çox da uzaq olmayan keçmişdə onlara ərazilərində yaşamaq üçün yer vermiş Azərbaycan xalqına qarşı dönə-dönə qırğınlar, qətliamlar, soyqırımları törətdilər, torpaqlarını işğal etdilər. Həmin faktlardan birini xatırlayaq: XX yüzilliyin sonlarında ermənilərin Qarabağda və Şərqi Zəngəzurda törətdikləri qanlı hadisələr Azərbaycan xalqının faciələri olduğu kimi, ermənilər üçün də tarix boyu xatırlanacaq qınaqdır. 

Azərbaycan dövləti XX əsrin sonuncu onilliyində Ermənistanın işğal etdiyi ərazilərini artıq azad edib. Azərbaycan sülh təşəbbüsləri ilə sülhpərvər mövqeyini bir daha nümayiş etdirib. İndi rəsmi İrəvanın bu təşəbbüsə qoşulması  Ermənistanın gələcək rifahı üçün gərəklidir. Ölkənin daxilində bunun əksini iddia edənlər, xaricindən şirnikləndirici təkliflərlə çıxış edənlər ermənilərin dincliyini, rahat yaşamalarını istəməyənlərdir.

Onu da diqqətə çatdıraq ki, revanşist düşərgənin əsas simaları Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyandır. "Qarabağ klanı" adı ilə tanınan bu siyasi tandem yenidən hakimiyyətə qayıtmaq və əvvəlki işğalçı siyasəti dirçəltmək üçün fəaliyyətini gücləndirərək seçicilərin dəstəyini qazanmağa çalışır. Lakin müşahidəçilərin fikrincə, onların seçkilərdə uğur qazanmaq ehtimalı zəif görünür. Çünki əhalinin əksər hissəsi ölkədə sabitlik və sülh tərəfdarı olan Nikol Paşinyanın siyasi komandasını dəstəkləməyə meyillidir. 

Bir də ki, Ermənistan daxilində revanşist qüvvələr özlərini nə qədər oda-közə vursalar da, Azərbaycanın mövcud hərbi-siyasi üstünlüyü fonunda sonları yalnız məğlubiyyətdir. Odur ki, hər hansı yeni müharibədə uğur qazanmaları reallıqdan tamamilə uzaqdır. 

Bütün bunlar göstərir ki, Ermənistanda keçiriləcək parlament seçkiləri həm də ölkənin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ermənistan cəmiyyəti ya regionda sülh, əməkdaşlıq və sabitlik istiqamətində irəliləməyi, ya da revanşist çağırışların təsiri altında yenidən qarşıdurma və qeyri-müəyyənlik mühitinə sürüklənməyi seçməli olacaq. Mövcud reallıq isə göstərir ki, bölgədə davamlı təhlükəsizlik və rifah yalnız konstruktiv siyasət və qarşılıqlı əməkdaşlıq yolu ilə mümkündür.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr