AZ

Türkiyədə "Azərbaycan Kino Günləri"nin açılışı oldu

BAKI, 9 may. TELEQRAF

Türkiyənin Bursa şəhərində “Azərbaycan Kino Günləri”nin açılış mərasimi keçirilib və “Buta” bədii filmi nümayiş olunub.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bursa Osmanqazi Sənət Mərkəzində keçirilən tədbirdə Türkiyə Mədəniyyət və Türizm Nazirliyi, Bursa şəhər hakimiyyəti rəhbərliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təmsilçiləri, şəhər mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar iştirak ediblər.

Öncə Osmanqazi Sənət Mərkəzinin foyesində Bursalı Türk məktəblilərin Azərbaycanla bağlı çəkdikləri rəsmlər nümayiş etdirilib. Azərbaycan mədəniyyəti, tarixi abidələri ilə bağlı rəsmlər haqqında məlumat verilib.

Azərbaycan kino günlərinin açılış mərasimində Bursa şəhər Mədəniyyət Turizm İdarəsinin rəhbəri Kamil Özer çıxış edərək, iki ölkə arasında yüksək səviyəli qardaşlıq əlaqələri haqqında danışıb, Mədəniyyət Nazirliklərinin birgə layihəsi ilə həyata keçirilən kino günləri tədbirlərinin qarşılıqlı olaraq, hər iki ölkədə mədəniyyətimizi, yeni filmlərimizi tanıtmağa imkan verdiyini söyləyib.

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, onun Türkiyədə tanıdılması, qardaşlıq münasibətlərimizdən danışaraq, Türkiyənin mühüm mədəniyyət və turizm mərkəzlərindən olan İzmir və Bursada Azərbaycan mədəniyyətinin, kinosunun təbliğindən bəhs edib.

Azərbaycanın xalq artisti, professor Cahangir Novruzov və Bursa Azərbaycan Dərnəyinin rəhbəri Lətifə Nağdəliyeva Azərbaycan xalqının zəngin mədəni irsi və güclü sənət ənənələri ilə Türk dünyasının ortaq mədəni xəzinəsinə mühüm töhfələr verdiyini qeyd ediblər.

Sonra Azərbaycan kino günləri çərçivəsində rejissor İlqar Nəcəfin “Buta” filmi nümayiş etdirilib. Film Azərbaycanın kənd mühitində yaşayan, tənha və xəyalpərəst bir uşaq olan Butanın həyatını, onun daxili aləmini, təbiətlə münasibətini və cəmiyyətə uyğunlaşma çətinliklərini sadə, lakin dərin məna çalarları ilə təqdim edir.

Seçilən
64
1
teleqraf.com

2Mənbələr