AZ

Musiqi ilə başlayan məktəb səhərləri

525.az saytına istinadən ain.az xəbər verir.

Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin, zövqün və milli dəyərlərin formalaşdığı müqəddəs bir ocaqdır. Şagirdlərin mənəvi dünyasının zənginləşdirilməsi, estetik baxışlarının inkişaf etdirilməsi və milli-mədəni irsimizə bağlı böyümələri məktəbin əsas vəzifələrindən biridir. Füzulu rayon Qayıdış qəsəbə 8 nömrəli tam orta məktəbdə  milli dəyərlərimizin yaşadılması, estetik zövqün formalaşdırılması və sağlam mənəvi mühitin yaradılması baxımından fərqli bir mühit yaradılıb.  Hər səhər məktəbimizin qapılarını milli musiqimizin sədaları ilə açırıq. Hər sabah saat 08:00-dan 08:30-dək şagirdlərimiz üçün milli, xalq və klassik musiqilər səsləndirilir. Bu şagirdlərimizin  zövqünün formalaşmasına, milli-mənəvi dəyərlərə bağlılığının güclənməsinə və günə xoş əhval-ruhiyyə ilə başlamalarına xidmət edir. Səsləndirilən xalq və milli musiqilər şagirdlərdə milli-mənəvi dəyərlərə sevgi və bağlılıq hissini gücləndirir. Gənc nəslin öz köklərini tanıması, milli irsimizə hörmət ruhunda böyüməsi üçün belə təşəbbüslər mühüm əhəmiyyət daşıyır. Musiqi vasitəsilə şagirdlər xalqımızın zəngin mədəniyyəti ilə daha yaxından tanış olur, milli kimlik hissi formalaşır.

 

Məktəbin direktoru Nərgiz Familzadənin sözlərinə görə, məktəbdə səslənən milli və klassik musiqilər şagirdlərdə ilk növbədə estetik zövqü formalaşdırır. Bu mühit uşaqların emosional intellektini inkişaf etdirir, onlarda nizam-intizam hissini gücləndirir və bədii təfəkkürün mənimsənilməsinə zəmin yaradır:

“Musiqi şagirdlər üçün bir növ "psixoloji hazırlıq" rolunu oynayır. Səhər enerjisini musiqi ilə qazanmaq stres səviyyəsini azaldır, diqqəti cəmləməyə kömək edir və şagirdləri dərs prosesinə daha pozitiv, həvəsli ruhda daxil olmağa sövq edir. Milli musiqi bizim tarixi yaddaşımızdır. Məktəb səslənən əsərlər vasitəsilə şagirdlərimiz dahi bəstəkarlarımızı tanıyır, xalq mahnılarımızı öyrənir və klassik irsimizi mənimsəyirlər. Bu, onlarda milli kimlik şüurunu oyadır, öz köklərinə və mədəniyyətinə dərindən bələd olan, vətənpərvər şəxsiyyətlər kimi yetişmələrinə kömək edir. Klassik və xalq musiqiləri mürəkkəb və zəngin struktura malikdir. Bu əsərləri müntəzəm dinləyən şagirdlərdə "səs kirliliyini" ayırd etmək bacarığı və səbirli dinləmə mədəniyyəti formalaşır. Bu da öz növbəsində onların dərslərdə müəllimi və bir-birini daha diqqətlə dinləməsinə müsbət təsir göstərir”.

Direktor bildirib ki, təqvimdəki əlamətdar günləri və bayramları məktəbdə xüsusi olaraq qeyd olunur: “əmin günlərin mahiyyətinə uyğun seçilən xüsusi musiqilər (məsələn, Zəfər günü üçün marşlar, Novruz üçün folklor nümunələri) məktəbdə bayram ab-havası yaratmaqla yanaşı, şagirdlərin tarixi hadisələrə emosional bağlılığını daha da artırır”.

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
525.az

1Mənbələr