AZ

Nasizm bitmədi: Virusun yeni ünvanı Azərbaycan sərhədində

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bu gün nasizm üzərində qələbənin 81-ci ildönümünü qeyd edirik. Amma həmin qələbədən heç yarım əsr keçməmiş onun qonşuluğumuzda baş qaldırması və bu dəfə də bizi hədəfə alması göstərdi ki, 1945-ci ildə nasizmə heç də tam son qoyulmadı. O, elə bir virusdur ki, azacıq əlverişli mühit yaranan, yaxud da yaradılan kimi, özəlliklə də natamamlıq kompleksi olanlar arasında yenidən baş qaldırma ehtimalı böyükdür”.

Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev deyib.

Deputatın fikrincə, belə görünür ki, millət olaraq bizim bir missiyamız da nasizm virusuna yoluxanları sağaltmaqdır və bu, uzun vaxt aparacaq: “Burada mən təkcə AŞPA kürsüsündən haylarla türklər arasındakı “genetik uyumsuzluq”dan dəm vuran müharibə cinayətkarı Robert Köçəryanla daşnak yandaşlarını nəzərdə tutmuram. Təəssüf ki, guya düzələn təsiri bağışlayanları, məsələn, Ararat Mirzoyan kimiləri də azacıq qaşıyanda altdan nasist Levon Ter-Petrosyan, Köçəryan və ...Njde çıxır. 

Ararat Mirzoyanın adını ona görə çəkdim ki, muzdla Azərbaycan və sülh əleyhinə çalışan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo ilə bağlı yeni video ikisinin arasında gizli əlaqələrin olduğunu təsdiqləyir. Belə görünür ki, Paşinyan və komandasındakılar sözdə sülhdən, Qarabağ məsələsinin bitməsindən, Azərbaycanla normal qonşuluqdan dəm vursalar da, əməldə revanşizmə hazırlaşır, bunun üçün “hüquqi baza”nın formalaşdırılmasına çalışırlar. 

Və başqa bir fakt: Belçika parlamentinin aprelin 16-dakı qətnaməsində Qarabağı özləri tərk edənlərin geri dönmələri, müharibə cinayətkarlarının azadlığa buraxılmaları- bir sözlə, regionda yeni qarşıdurmalara yol açan tələblərin yer aldığı kimə də olsa, Ararat Mirzoyana qətiyyən sirr deyil. Elə isə mayın 7-də Belçika Nümayəndələr Palatasının sədri Peter De Ruverlə görüşdə Ermənistan xarici işlər nazirinin sözügedən qətnaməyə görə ona təşəkkür etməsinə biz nə ad verməliyik? Bu, Paşinyanın sülh və Qarabağ haqda dedikləri ilə nə dərəcədə üst-üstə düşür?

İki stulda oturmağa çalışan Ermənistan hakimiyyətinin həm də ikibaşlı oyun apardığını görməmək mümkün deyil. Nəzərə alsaq ki, Nikol Paşinyan nasist Levon Ter-Petrosyanın keçmiş silahdaşlarındandır, onda qonşu ölkədə elə də böyük dəyişikliyin baş vermədiyi, olsa-olsa nasizmin faşizm ilə əvəzləndiyi üzə çıxacaq. Yəqin Ermənistan baş naziri ona görə tez-tez onlar üçün kilsə qədər doğma və önəmli olmayan dövlət, dövlətçilik məfhumlarına toxunur. Toxunsun, dövlətləri də olsun, amma Azərbaycan orada bizim təhlükəsizliyimizi hədəfə alan istənilən nasist, yaxud da faşist meyillərin güclənməsinə heç cür imkan verməməlidir. Bunun isə bir yolu var: qarşı tərəfdən hər baxımdan dəfələrlə güclü və ayıq olmaq, onu cızığından çıxmağa qoymamaq, nəzarətdə saxlamaqdır o yolun adı”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
1
olke.az

2Mənbələr