AZ

Mikayıl İsmayılovun dünən həbs etdirdiyi Fidan Abbasova bu gün azadlığa buraxıldı - FOTO  

Ötən gün SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun, vəkil Adəm Məmmədovun şikayəti əsasında həbs olunan Fidan Abbasova bu gün həbsdən azad edilib.

Məlumatı Musavat.com-a təsdiq edən Fidan Abbasovanın vəkili Ziya Ələsgərov deyib ki, Bakı Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarından verdikləri şikayəti əsaslı hesab edib və Fidan Abbasova barəsində 3 aylıq həbs qəti imkan tədbiri barədə qərar ləğv olunub.

Məhkəmə qərarında diqqət çəkən məqamlardan biri də azyaşlı uşağın taleyi olub. Hakim Fidan Abbasovanın himayəsində azyaşlı övladın olmasını, uşağın atası tərəfindən qəbul edilməməsi ilə bağlı davam edən həssas vəziyyəti nəzərə alaraq, həbs qərarının qanunauyğun olmadığını bildirib. Beləliklə, cəmi bir gecə istintaq təcridxanasında qalan Fidan Abbasova azadlığa çıxaraq övladının yanına qayıdıb.

Fidan Abbasovanın müdafiəsinə son anda tanınmış vəkil Ceyhun Yusifov qoşulub. Vəkil məhkəmə qərarından sonra verdiyi açıqlamada ittihamın ciddi hüquqi suallar doğurduğunu deyib.

Onun sözlərinə görə, Fidan Abbasova 2017-ci ildən Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə məhkəmə çəkişmələrindədir. Əsas şikayətçi Orxan İsmayılzadə iddia edir ki, Fidan Abbasova ondan 9 il əvvəl hədə-qorxu yolu ilə 200 min manat alıb. Müdafiə tərəfi isə sual edir ki, əgər belə hadisə baş veribsə, niyə bu illər ərzində hüquq-mühafizə orqanlarına müraciət edilməyib?

Vəkil hesab edir ki, ittihamın məhz atalıq məsələsi üzrə məhkəmə qərarından dərhal sonra gündəmə gətirilməsi təsadüfi deyil və bu məqam işin motivləri ilə bağlı ciddi şübhələr yaradır. Məhkəmənin də yekunda müdafiə tərəfinin arqumentlərini əsaslı hesab etdiyi vurğulanır. Qalmaqalın kökündə isə illərdir davam edən şəxsi münasibətlər və atalıq məsələsi dayanır.

Fidan Abbasova ilə Orxan İsmayılzadə 8 il qeyri-rəsmi nikahda olublar. Həmin münasibətdən Nil adlı övladları dünyaya gəlib. Lakin Orxan İsmayılzadə uşağın atası olduğunu qəbul etməyib.

O, müxtəlif mərhələlərdə tibbi səbəblərlə ata olmasının mümkün olmadığını iddia edib. Buna baxmayaraq, məhkəmələr fərqli mövqe ortaya qoyub. Həm birinci instansiya, həm də apellyasiya məhkəməsi təqdim edilən sübutları araşdıraraq uşağın atasının məhz Orxan İsmayılzadə olduğu qənaətinə gəlib.

Atalıqla bağlı son qərar Fidan Abbasovanın həbsində cəmi bir neçə gün əvvəl elan olunub. Bundan dərhal sonra isə Fidan Abbasovaya qarşı illər əvvəlki iddia əsasında cinayət işi gündəmə gətirilib və onun həbsi baş tutub. Bu ardıcıllıq isə artıq sosial şəbəkələrdə və hüquq cameəsində geniş müzakirələrə səbəb olub. Bir çoxları məsələnin hüquqi müstəvidən çox, şəxsi münasibətlər fonunda inkişaf etdiyini düşünür. Hazırda iş üzrə araşdırmalar davam edir. Müdafiə tərəfi Fidan Abbasovaya qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu bildirir.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr