Bu gün alman faşizmi üzərində tarixi qələbədən 81 il keçir.
Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.Qələbə Günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir. Qeyd edək ki, 1941-ci il iyunun 22-də Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib.
Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4 %-ni təşkil edib.
Məsələ ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a şərhində qeyd edib ki, faşizm üzərində qələbədə Azərbaycan və onun xalqı çox mühüm və həlledici rol oynayıb:

“İkinci Dünya müharibəsini yekunlaşdıran bir gün oldu. Düzdür, rəsmi qaydada İkinci Dünya müharibəsi 1945-ci ilin sentyabrın 2-də bitib. Amma Faşist Almaniyası 1945-ci ilin mayın 8-də Avropa vaxtı ilə axşam saat 11-də təslim oldu, qeyd-şərtsiz kapitulasiya aktına imza atdı.
Həmin zaman SSRİ-də artıq mayın 9-u gecə saat 1 radələri idi. Ona görə də SSRİ-də Qələbə Günü mayın 9-da qeyd olunurdu. Hesab edirəm ki, 8 və 9 may dünya üçün həlledici bir tarixi hadisə oldu.
Faşizm çox böyük bir təhlükə idi. İnsanların haqları və hüquqları tapdalanırdı, kütləvi şəkildə insanlar məhv edilirdi. İkinci Dünya müharibəsi, demək olar ki, dünyanın yarısını yerlə-yeksan edən bir müharibə oldu. Bu müharibədə 55-65 milyon insan həyatını itirdi.
Bunun, təxminən 27 milyonu SSRİ-nin payına düşür. Azərbaycan xalqı da bu müharibədə böyük itkilər verib. Həmin zaman Azərbaycan əhalisi 3.5 milyon idi. Bunun 660 mini müharibəyə səfərbər olmuşdu. Onların yarısından çoxu geri qayıtmayıb, müharibədə həlak olub və itkin düşüb.
100 minlərlə insanımız arxa cəbhədə müharibənin fəlakətlərini yaşayıb. Müharibə xalqımız üçün də böyük zərbə oldu. Sözsüz ki, faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın böyük payı var. Məhz Azərbaycan nefti burada həlledici rol oynayıb”.
A.Nağı əlavə edib ki, müharibədə həlak olan insaların xatirəsinə bu gün qeyd olunmalıdır:
“Amma bu günün qeyri-iş günü olmasını məntiqli hesab etmirəm. Bir daha qeyd edirəm ki, İkinci Dünya müharibəsində, hətta Qarabağ müharibəsində həlak olan soydaşlarımızın və tərəqqipərvər dünya nümayəndələrinin xatirəsini yad edirik və Allahdan onlara rəhmət diləyirik”.
Azərbaycan Milli İstiqlal partiyasının sədri Arzuxan Əlizadə isə qeyd edib ki, 9 may Qələbə Günü hər zaman qeyd olunmalıdır:

“O zaman Sovet xalqları ilə yanaşı Azərbaycan xalqı da bu müharibədə öz qəhramanlığını göstərib. Qələbənin əldə olunmasında Azərbaycanın böyük xidmətləri olub. Cəbhədə faşistlərə qarşı istifadə olunan bütün texnikalar – tanklar, təyyarələr və hərbi maşınların yanacağının 90 % -i Bakı nefti ilə təmin edilib. Ona görə də bu böyük qələbədə Azərbaycanın xüsusi rolu danılmazdır.
Eyni zamanda 660 min azərbaycanlı bu müharibəyə səfərbər olunmuşdu. Ağır döyüşlərin getdiyi cəbhə zonalarında Azərbaycanın igid oğulları, hətta qızları Alman faşistlərinə qarşı qəhramancasına vuruşublar. Onlarından 300 mindən çoxu geri qayıtmayıb, müharibədə həlak olub və itkin düşüblər. Bir çox Azərbaycan oğulları - Həzi Aslanov, İsrafil Məmmədov və digərləri öz igidliklərinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər.
Bildirim ki, faşizm üzərində qələbənin əldə olunmasında böyük xidmətləri olan və fədəkarlıq göstərən babalarımızın nəvələri və nəticələri erməni faşizmini məhv etdilər və torpaqlarımızı erməni işğalından azad etdilər. Ermənilərin siyasəti də elə faşizm idi. Bu səbəbdən 9 may hər zaman qeyd olunmalıdır. Babalarımızın qəhramanlığı unudulmamalıdır”.