AZ

“İndi filmə çağırsalar, heç qonorar da istəmərəm, təki çəksinlər”- Naibə Allahverdiyeva ilə MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyeva da Prezident İlham Əliyevin “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamına əsasən mükafatlandırılıb. Musavat.com-un əməkdaşı bu və digər məsələlərlə bağlı Xalq artisti ilə söhbətləşib. Müsahibəni təqdim edirik:

-Buna qədər bir neçə dəfə Prezident mükafatına layiq görülmüşdünüz. Bu dəfə gözləyirdinizmi, yoxsa sürpriz oldu?

-Əlbəttə, gözləyirdim. Çünki teatrda aktyor və aktrisalar çox aşağı maaş alır. Çalışdığım Gənc Tamaşaçılar Teatrında maaşlar çox aşağıdır. Təbii ki, bu mükafat bizim üçün həm də maddi dəstəkdir. Xüsusən də müəyyən yaşdan sonra sağlamlığımız artıq sözümüzə baxmır. Sağlamlığıma görə çox narahat idim, hər zaman həkimlərdəyəm. Aldığım pulun çoxu elə həkimlərə gedir.

-Bu əsasən sizin əsəblərinizlə bağlı problemlə əlaqəlidir?

-Tək əsəblə bağlı deyil. Ümumiyyətlə, bizim sənət çox ağırdır. Bəzilərinə kənardan çox asan görünür. Biz həm psixoloji, həm də fizioloji gərginliklər keçiririk səhnədə. 25 ildir ayağımla bağlı gecə-gündüz həkimlərdəyəm. Bir dəfə çəkilişdə ayağım sındı, o vaxtdan bəri ayağım mənə problemlər yaradır. Bundan başqa, bir dəfə səhnədə qolum çəkildi, zədə aldı. Ümumiyyətlə, həm səhnədə, həm də çəkilişlərdə hər zaman zədələr, travmalar alırıq. Həm bununla bağlı, həm də mənəvi travmalarımız çoxdur. İnsan öz həyatının acılarını yaşaya bilmir, amma biz başqalarının həyatını yaşayırıq. Yəni bizim sənətimiz çox çətin bir peşədir. Əgər belə olmasaydı, yəqin ki, Hollivudda, Avropada, Türkiyədə aktyorlar o qədər pul almazdılar. Bir setdə az qala bir evin pulunu alırlar. Amma bizdə əksinədir, seriala çəkilirsən, qəpik-quruş verirlər. Bizdə həqiqətən də aktyorların maddi durumu çox pis vəziyyətdədir.

-Elə bu səbəbdən sizi seriallarda görmürük?

-Bəli. Mən seriallara çəkilmirəm. Çünki serial çox əziyyətli bir sənətdir. Orada alınan qonorar da demək olar ki, heçnədir. Aldığın qonorar yol puluna gedir, bütün günü çəkiliş meydanında qalırsan, ac qalırsan. Demək olar ki, setdə verilən yeməklər də çox zəif olur. Türkiyə və Avropa kimi ölkə deyilik ki, aktyor və aktrisalara yaxşı qulluq olunsun. Hətta bəzən deyirlər ki, öz paltarlarını gətir. Bəlkə də indi elə seriallar var ki, hansısa prodakşnlarla televiziya özü çəksin, orada vəziyyət bir qədər yaxşıdır. Amma ümumilikdə bizdə seriallarda vəziyyət pisdir. Onsuz da bütün həyatımız boyu biz az qonorarla işləyirik.

-Bəs filmlər? Axı son zamanlar yavaş-yavaş filmlər də çəkilməyə başlayıb. Tamaşaçılar da sizi “Qara Volqa”, “İnterpapa”, “Bağdada putyovka var” filmlərindəki obrazlarınızla sevib. Niyə indi filmlərə də çəkilmirsiniz?

-Vallah, bir söz deyim, bizdə aktyor sənəti asılı sənətdir. Şəxsən mən nə qədər festivallarda olmuşam, Moskvada filmə çəkilmişəm və s. Orada mənə deyirdilər ki, sizin yəqin ki, heç boş vaxtınız olmur, hər zaman filmlərə çəkilirsiniz. Deyirdilər ki, sizin gözləriniz danışan gözlərdir, simanız efirə çox uyğundur. İndi filmlərə bəzən kiminsə tanışlığı, dostluğu olduğu üçün dəvət edirlər, ətraflarına topladıqları insanlarla işləyirlər. Və yaxud da rejissorlar adətən çalışdıqları insanları çağırırlar. Mənim də əvvəl işlədiyim insanlar indi ya qocalıb, ya da bu sahədə yoxdur. İnşallah, ümid edirəm ki, məni də filmlərə dəvət edərlər.

Düzü, mən özüm əvvəllər filmlərdən və seriallardan imtina edirdim. Çünki peşəkar iş görmürdüm. Amma son vaxtlar müşahidə edirəm ki, bizdə çox yaxşı filmlər çəkilir, çox istedadlı gənc rejissorlarımız var. Təbii ki, istərdim ki, onların layihələrində olum. Onların filmlərini bəyənirəm. Amma nə etmək olar, gərək onlar məni dəvət etsinlər.

-Bu günlərdə gözünüzün ağı-qarası olan qızınızı gəlin köçürdünüz. Kürəkən ürəyinizcədirmi, razısınızmı?

-Qızımın öz seçimi idi, mən də bununla razılaşdım. Çox şükür Allaha, çox diqqətli bir bəydir, aristokratdır, oturuşunu-duruşunu bilir. Bir sözlə, mənim arzuladığım bəydir.

-Qızınızı da köçürdünüz, indi tək yaşayırsınız. Hər zaman belə tək qalmağı düşünürsünüz, yoxsa həyatınızı kimləsə paylaşmaq istərdiniz?

-Bu çətin sualdır. Hələ ki, başım işlərdən ayılmayıb. Amma hazırda Allahdan can sağlığı istəyirəm. İnsan tək də olsa özünə məşğuliyyət tapa bilir, insanlarla ünsiyyət olur. Vaxt keçdikcə tənhalıq hiss olunmur. Qızım mənə bir it hədiyyə edib, onunla evdə oluram. Yəni canım sağ olsun, işimə davam edim, başım buna qarışsın. Başqa düşüncəm yoxdur. Düşünmürəm ki, həyatımı kimləsə paylaşım. Məndə artıq o şeylərə qarşı inamsızlıq və qorxu var. İstəyirəm sakit, hüzurlu və sağlam bir həyat yaşayım. Çünki açığı, sağlamlığım məni çox incidir. İndi yəqin ki, nəvəm də olar, başım ona qarışar, onun sevincini yaşayaram. Təbii ki, ruhun qidası da olmalıdır, amma biz sənətkarlar ruhumuzun qidasını elə sənətdə tapırıq.

Arzum budur ki, rejissorlar biz sənətkarlardan daha çox istifadə etsinlər. Qonorar məsələsinə gəlincə, düzdür, əvvəllər filmlərə və seriallara çəkiləndə müəyyən qonorar istəyirdim. Amma indi görürəm ki, gənc rejissorlarımız çox gözəl filmlər çəkirlər. Vallah, bilsəm ki, orada əsl sənət əsəri olacaq, heç qonorar söhbəti də etmərəm. Doğrudur, adımı çıxarıblar ki, guya mən kaprizli aktrisayam. Amma vallah, mən çox rahat, sözəbaxan aktrisayam. Heç vaxt çəkiliş meydanında rejissorlarla mübahisə etmirəm, intriqa salmıram. Sadəcə hər şeyin gözəl olmasını istəyirəm, vəssalam".

 

Xalidə Gəray
Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr