AZ

Heydər Əliyev ideyaları Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləridir

Bakı, 8 may, AZƏRTAC

Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən, ilk növbədə, onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi asılıdır. Bu liderlər milli dövlətçilik ideyalarının praktik surətdə reallaşmasında mühüm rol oynayır, milli tərəqqi üçün dayanıqlı əsasların müəllifinə çevrilirlər. Hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası da məhz fenomenal liderlərin adı ilə bağlı olur.

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ideya və prinsiplər müstəqil dövlətçiliyimizin qarantıdır. XX əsrdə xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyət olan Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi yol Azərbaycanın alternativsiz inkişaf strategiyasına çevrilib. Ümummilli Liderlik zirvəsinə yüksəlmiş bu fenomen şəxsiyyət, ilk növbədə, Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını mükəmməl konsepsiyası kimi formalaşdırıb. Məhz Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı xalqın və dövlətin ideoloji xəttini müəyyənləşdirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə bildirib.

Onun sözlərinə görə, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri çoxəsrlik tariximizin ən parlaq səhifələrini təşkil edir. Dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər sadıqda, bir daha şahidi oluruq ki, Onun bütün fəaliyyətinin əsasında xalqımızın parlaq gələcəyinin, qüdrətli bir dövlət kimi Azərbaycanın müstəqilliyinin əbədiliyinin təmin edilməsi dayanır.İnkaredilməz həqiqətdir ki, dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heç də bütün xalqlara nəsib olmur. Qeyd etdiyimiz kimi, hər bir dövlətin uğurları lider amilindən asılıdır. Dünya təcrübəsi də göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Belə ki, Liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının əsas istiqamətlərinin müəyyənləşdirilməsində, ən çətin məqamlarda düzgün yolun seçilməsində öz sözünü deyir. Azərbaycan xalqı da xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri vardır. Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan şəxsiyyətdir.

Ulu Öndər Heydər Əliyevin gördüyü işlərin, xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir çıxışda, bir məqalədə, yaxud bir tədbirdə əhatə etmək mümkün deyil. Bugünkü Azərbaycan Ümummilli Liderin əmanətidir. Azərbaycanın müstəqilliyinin yenidən bərpasının ilk illərində yaşadıqları çoxəsrlik tariximizin faciəli səhifələri kimi hər zaman vərəqlənir. Azərbaycan o illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin bir zamanda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən Ulu Öndər onun qorunmasını, möhkəmləndirilməsini qarşımızda əsas vəzifə kimi qoydu.

Ulu Öndər Heydər Əliyev: Yolumuz demokratiya yoludur

Deputat qeyd edib ki, 1993-cü ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yolu ilə gedir. Həmin vaxtdan ölkəmizdə sabitlik dövrü başladı, bütün sahələr üzrə mütərəqqi islahatlara start verildi. İlk gündən demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımların uğurlu nəticələri göz önündədir. Hazırda Heydər Əliyevin müəyyənləşdirdiyi möhtəşəm inkişaf strategiyasının real nəticələrini görürük. Bu gün ölkəmiz təkmil sosial-iqtisadi siyasəti ilə dünyada ən islahatçı ölkələr sırasında yer alır. İqtisadi tərəqqi digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi.

“Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu. Ulu Öndər Heydər Əliyev dövlət başçısı kimi andiçmə mərasimində çıxışı zamanı qeyd etmişdi: "Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik".

Beləliklə, Azərbaycan inkişaf yolunda uğurla irəlilədi, mühüm nailiyyətlər qazanıldı. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, demokratikseçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə öz növbəsində, sosiallaşmaya və siyasi mədəniyyətin inkişafına, ümumilikdə, ictimai-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik işlər və görülən məqsədyönlü tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi təkmilləşməsini təmin etmiş oldu. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi”, - deyə Pərvin Kərimzadə vurğulayıb.

Azərbaycan gələcəyə doğru inamla, yeni zəfərlərlə addımlayır

O xüsusilə vurğulayıb ki, müstəqilliyimizin, suverenliyimizin qarantı olan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımların, formalaşan möhkəm təməlin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasında qərarlaşıb. Ən əsası Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunun şahidinə çevrildi.

“Bu günümüzün uğurlarının zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın 1993-cü ildən başladığı inkişaf yolunun təqdimatıdır. Beləliklə, Heydər Əliyev yolu tarixi Zəfərimizin əsasını təşkil edir. Bu şanlı Qələbə Azərbaycanın iqtisadi və siyasi gücünü, milli birliyini bir daha nümayiş etdirdi. Azərbaycan dövləti ötən illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi üçün səbrlə hazırlıq işləri apardı və məqsədinə nail oldu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə Qarabağımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar. Artıq azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir.

Bu gün müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla, yeni zəfərlərlə addımlayır. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız bu əsərin müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, yeni-yeni zəfərlər qazanacaq”, - deyə deputat əminliyini ifadə edib.

Seçilən
18
50
azertag.az

10Mənbələr