AZ

Kremlin yeni mesajı: Ukrayna müharibəsi II Dünya savaşının davamıdırmı?

“Qələbə həmişə bizimlə olacaq”. Bu sözləri Vladimir Putin Qırmızı meydanda keçirilən Qələbə paradında çıxışı zamanı deyib. Putin çıxışında Ukraynada davam edən hərbi əməliyyatları İkinci Dünya müharibəsində qazanılmış böyük qələbə ilə müqayisə edərək, “Bizim işimiz haqdır” şüarını da səsləndirib. O bildirib ki, faşizm üzərində qələbə qazanmış nəslin göstərdiyi böyük rəşadət və qəhrəmanlıq bugünkü döyüşçüləri ruhlandırır. Rusiya Prezidenti vurğulayıb ki, qələbə bundan əvvəl olduğu kimi, bu dəfə də Rusiyanın tərəfində olacaq.

Bəs Putinin Ukrayna müharibəsini İkinci Dünya müharibəsi ilə müqayisə etməsi hansı siyasi mesajları verir? Bu çıxış Rusiyanın yaxın dövr üçün hərbi və siyasi kursu barədə nə anlamına gəlir?

Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə politoloq Şəhla Cəlilzadə Musavat.com-a danışıb. Politoloqun fikrincə, Putin Ukraynanı işğalına, burada müharibəyə başlamasına haqq qazandırmaq üçün ultramillətçilik tezisini irəli sürmüşdür:

"Guya ki, Ukraynada ruslar və rus dili gedərək sıxışdırılırmış. Halbuki, əhalisinin 30%-dən çoxunun ana dili kimi rus dilini qeyd etdiyi, dili və mədəniyyətini yaşatdığı bir cəmiyyət barədə bu cür iddia irəli sürmək tamamilə siyasi ambisiyalardan qaynaqlanırdı. Hətta 2012-2014-cü illərdə Ukrayna Rusiya ilə gərginliyi azaltmaq, yumşaq siyasətə keçid etmək üçün bəzi bölgələrində rus dilinə regional dil statusu vermişdi. Lakin bu Rusiya üçün kifayət etmirdi.

Ultramillətçiliklə bağlı tezisləri imperiya siyasətini ört-basdır etmək üçün sadəcə bir vasitə idi. Rusiyanın əsas ambisiyası Ukraynanın qərbyönümlü siyasətə keçid etməsinə mane olmaq idi və buna paralel olaraq təzyiqləri gedərək güclənirdi. Bu proses, yəni Ukrayna ilə NATO arasında danışıqlar hələ 2000-ci illərdən başlanmışdı. Ukrayna 2008-də NATO-ya üzv olacağını ilk dəfə bəyan etmişdi. Eyni dövrdə Gürcüstandakı bənzər proseslərin nə ilə nəticələndiyindən (2008-ci ildəki 5 günlük müharibədən) Ukrayna “dərs götürməli” idi. Lakin belə olmadı. Ukrayna xalqının siyasi seçimi, iradəsi və xarici siyasətdə suverenlik əldə etmək arzusu dayanıqlı çıxdı. Bütün təhdidlərə, müharibənin ağırlığına baxmayaraq Ukrayna xalqı bu gün də bu arzunun reallaşdırılması uğrunda Rusiyanın imperial siyasətinə qarşı mübarizə aparır.
Cənab Prezident İlham Əliyev bu mövzuda öz fikrini aydın bəyan edib: “Heç zaman işğalla barışmayın!” Ukrayna xalqı bu gün sadəcə işğalla deyil, o cümlədən suverenlik, azad siyasət, azad cəmiyyət uğrunda mübarizə aparır. Artıq dünya 1991-də qurulan dünya deyil. Düzdür ki, SSRİ dağılarkən Qərb və Şərq bloku arasında bir sıra qeyri-rəsmi öhdəliklər, blokların genişlənməməsi və s.qarşılıqlıq razılıqlar var idi. Lakin artıq yeni nizam formalaşmaqdadır. Ukraynadakı müharibə də yeni nizamı formalaşdıran başlıca cəbhələrdən birini təşkil edir".

Xalidə Gəray
Musavat.com

Seçilən
1
50
musavat.com

10Mənbələr