AZ

IsDB prezidenti: "Azərbaycan böyük inkişaf perspektivlərinə malik ölkədir"

İslam İnkişaf Bankı (IsDB) Azərbaycanda yeni layihələrin həyata keçirilməsini səbirsizliklə gözləyir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Əl-Casir bildirib.

"Dünən azad edilmiş ərazilərdə olmaq mənim üçün böyük şərəf oldu. Mən Füzuli, Xankəndi və Şuşanı ziyarət etdim - bunlar heyrətamiz dərəcədə mənzərəli yerlərdir. İki il əvvəl artıq Şuşada olmuşdum, lakin indi şəhər tanınmaz dərəcədə dəyişib. İnkişaf templəri, infrastrukturun yenilənməsi və məscidlər də daxil olmaqla əhəmiyyətli obyektlərin bərpası güclü təəssürat yaradır.

Şuşada yeni məscid isə inşası başa çatdıqdan sonra əsl diqqətəlayiq yerə çevriləcək", - IsDB rəhbəri bəyan edib.

M.Əl-Casir vurğulayıb ki, bankın nümayəndə heyətinin səfəri çərçivəsində hərtərəfli və təsirli məlumatlar təqdim edilib. "Bu səfərin yaratdığı gözəl təəssüratlarla Ciddəyə qayıdıram. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı statusunu bərpa edir.

Biz həmçinin sənaye zonasında olduq və işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirdik. Onlar ölkənin iqtisadi artımı və inkişaf potensialı ilə bağlı böyük ruh yüksəkliyi nümayiş etdirirdilər. Bizim burada olmağımız həm də İslam İnkişaf Bankının Azərbaycana sadiqliyini bir daha təsdiqləmək istəyi ilə bağlıdır. Biz Azərbaycanda yeni layihələrin reallaşdırılmasını gözləyirik. Çünki bu, olduqca böyük perspektivləri olan, rəhbərliyi tərəfindən sürətli inkişaf yolu irəliyə aparılan bir dövlətdir.

Burada gözəl təhsilə sahib olan və vətəninə, onun gələcəyinə səmimi şəkildə bağlı olan iddialı gənclər yaşayır. Buna görə də Azərbaycana, onun Prezidentinə, xalqına və hökumətinə ən xoş arzularımı çatdırır və Bakıda İslam İnkişaf Bankı Qrupunun illik iclasının keçiriləcəyi iyun ayında sizinlə məmnuniyyətlə görüşəcəyəm", - o əlavə edib.

Seçilən
40
far.az

1Mənbələr