AZ

İldırımsürətli qələbə olmadı

ABŞ və İran arasında gərginliyin azaldılması istiqamətində mühüm diplomatik proses başlayıb.

Belə ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran  ABŞ-nin bir səhifə və 14 maddəlik sülh təklifini dəyərləndirir. “Axios”un xəbərinə görə, ABŞ ilə İran müharibənin dayandırılması və nüvə proqramı üzrə danışıqların çərçivəsini müəyyən edən bir səhifəlik anlaşma memorandumunu imzalamağa yaxındır. Məlumata görə, Ağ Ev İranın qısa zamanda təklifə cavab verməsini gözləyir.

Əgər tərəflər razılığa gələ bilməsə, regionda hərbi eskalasiya ehtimalı nə dərəcədə realdır? 

Mövzu ilə bağlı “Cümhuriyət”- ə açıqlamasında politoloq Elşən Manafov bildirib ki, ABŞ-nin Pakistan vasitəçiliyi ilə İranla apardığı danışıqlarda əsas məqsəd vaxt qazanmaq, atəşkəsin doğurduğu reallıqlardan istifadə edərək bölgəyə daha böyük həcmli hərbi kontingenti cəlb etməkdir.

O qeyd edib ki, ABŞ İranla müharibədə faktiki məğlubiyyətini etiraf etmək gücündə deyil:

“Tramp iddialarının puça çıxdığının mahiyyətinə varır, ona görə də danışıqlar vasitəsilə ona məğlubiyyətini ört-basdır edəcək şərtlərin İran tərəfindən qəbul edilməsində israrlıdır. ABŞ-nin irəli sürdüyü şərtlərin İran tərəfindən qəbul edilməyəcəyi bəllidir. ABŞ-nin şərtlərinin İran tərəfindən qəbul edilməsi gözlənilən deyil, İran ona məxsus zənginləşdirılmiş uranı ABŞ-yə təhvil verməyəcək, üstəlik özünün nüvə enerjisindən dinc məqsədlərlə istifadə edilmə hüququnun ABŞ və beynəlxalq birlik tərəfindən tanınmasında israrlıdır.

Bundan əlavə, İranın Qərb banklarında dondurulmuş 27 milyardlıq qiymətli kağızlarının qaytarılmasını, İrana 1980-ci ildən bəri tətbiq edilən sanksiyaların ləğv olunmasını, BMT-nin bu illər ərzində İranla əlaqədar qəbul etdiyi sanksiyalının ləğvini, Hörmüz boğazına İranın nəzarət hüququnun etiraf edilməsi, ABŞ və İsrailin hücumu nəticəsində İrana dəymiş ziyanın ödənilməsini (İran 270 milyard dollar təzminat iddiası irəli sürüb) tələb edir. Bundan əlavə, İrana bundan sonra təcavüzün olmayacağı ilə bağlı təminat, Livanda sülhün bərpa edilməsi şərtləri də İranın tələbləri sırasında yer alıb”. 

Politoloq əlavə edib ki, Trampın bu şərtləri qəbul etməsi onun bu müharibədə məğlubiyyəti təəssüratı doğurduğundan ABŞ-nin daha üstün mövqedə olmasını qabartmaq məcburiyyətindədir:

“Ona görə də bölgəyə yeni hərbi qüvvələr göndərəcəyi iddiaları ilə sadəcə əzələ nümayiş etdirir, müttəfiqlərinə və bütün dünyaya ABŞ-nin məğlubedilməz dövlət statusunu qorumağa qadir olduğunu xatırlatmaq istəyir. Digər tərəfdən, müharibə Trampın prezident kimi ABŞ seçiciləri arasında reytinqinin nəzərə çarpacaq dərəcədə aşağı düşməsinə səbəb olub, Konqres və prezident arasında münasibətlər əvvəllər olmadığı qədər kəskinləşib. Konqres Trampı onunla hesablaşmadan hərbi əməliyyatlar aparmaqda gunahlandırır, zira ABŞ qanunvericiliyinə görə prezidentin Konqreslə razılaşdırmadan xaricdə hərbi əməliyyatlar aparmaq müddəti 60 gündür. Bu müddət isə artıq başa çatıb. İranla 6 həftəlik müharibəyə ABŞ-nin artıq 62 milyard dollar xərclədiyi bildirilir”. 

Elşən Manafov vurğulayıb ki, hərbi əməliyyatların davam etdirilmə ehtimalları böyükdür, bu isə Trampı Konqresdən daha 200 milyard dollar istəməyə məcbur edəcək:

“Konqresdəki müxalif demokratlar şübhəsiz ki, bu pulları ayırmaqdan imtina edəcəklər. Hadisələrin bu tərzdə istiqaməti isə respublikaçıların bu ilin noyabrında Konqresə ABŞ-də keçiriləcək aralıq seçkilərini uduzacaqlarını söyləməyə əsas verir. Bu da Trampı qayğılandırır və danışıqlar vasitəsilə ABŞ ictimai rəyinə manipulyasiyalar etmək məcburiyyəti qarşısında qoyur. İran bölgədəki ərəb dövlətlərinin ərazisindən ABŞ-yə məxsus hərbi bazaların da çıxarılmasını tələb edir ki, bu şərtin yerinə yetirilməsi ABŞ-nin Yaxın Şərqdəki nüfuzuna sarsıdıcı zərbə ola bilər.

ABŞ hərbi qüvvələrinin bu müharibədə usandığının göstəricisi olan amillər də Trampı imitasiya xarakterli danışıqları aparmağa məcbur edir. ABŞ-nin təyyarə daşıyan 4 gəmisindən birinin- prezident Fordun adını daşıyan gəminin bölgəni tərk etməsi, digər üçündə isə təmirə dayanma ilə bağlı amillər göstərir ki, müharibənin uzanması maliyyə məsrəflərinin böyüməsi ilə yanaşı, texniki xarakterli problemlər doğurub. Üstəlik, ildırımsürətli qələbənin əldə edilməməsi hərbçilərin şəxsi heyətinin psixoloji durumuna da təsirsiz ötüşməyib”.

Onun sözlərinə görə, İran qətiyyətlə Hörmüz boğazı ətrafında vəziyyətə nəzarəti davam etdirir:

“Bugünlərdə o, Hörmüzdə gəmilərin hərəkətinə və onlardan rüsumun alınmasına nəzarət edəcək xüsusi idarə təsis edib. Hesablamalar göstərir ki, İranın boğazda gəmilərin hərəkətinə verdiyi lisenziyalar müqabilində aylıq gəlirləri 90 milyon dolları keçir. Üstəlik neftin qiymətlərinin artması da ABŞ-nin sanksiyalarına baxmayaraq, İranın, o cümlədən Rusiyanın xeyrinə işləyir.

İran öz neftini əsasən Çinə məxsus dəmir yolları vasitəsilə daşıyır. Bundan əlavə, Xəzər vasitəsilə Rusiya və Çin İran ordusunun hərbi əməliyyatlar aparması üçün dəstəyini gücləndiriblər. Nəhayət, Trampı İranla müharibəni dayandırmaq fikrindən İsrail, onun Baş naziri Benyamin Netanyahu daşındırıb. İddialara görə, bu məqsədlə İsrail kəşfiyyatı Trampı İranla müharibədən çəkindirməyə çalışan prezident müşaviri Çarli Kinqi sui-qəsd nəticəsində aradan götürüb”. 

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr