Magistraturaya qəbul üzrə ikinci cəhd imtahanı mayın 17-də keçiriləcək və artıq minlərlə bakalavr həyəcanlı gözlənti içindədir.
Bu il qəbul prosesində ən çox müzakirə olunan məsələlərdən biri isə ixtisaslar üzrə keçid ballarının necə dəyişəcəyi ilə bağlıdır. Xüsusilə ilk imtahan mərhələsinin nəticələri, vakant yerlərin sayı və magistr təhsilinə marağın artması builki keçid ballarının əvvəlki illərlə müqayisədə fərqli formalaşa biləcəyi ehtimalını gündəmə gətirib. Məlumata görə, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün ümumilikdə 23 078 bakalavr qeydiyyatdan keçib. Bu isə kifayət qədər yüksək rəqəm hesab olunur və rəqabətin daha da sərtləşəcəyini göstərir.
Ekspertlər hesab edirlər ki, bəzi populyar və əmək bazarında daha çox tələb olunan ixtisaslarda keçid balları arta bilər. Eyni zamanda müəyyən sahələrdə marağın azalması və vakant yerlərin çoxluğu keçid ballarının aşağı düşməsinə səbəb ola bilər. Ən çox artım gözlənilən istiqamətlər sırasında informasiya texnologiyaları, kompüter elmləri, data analitikası, süni intellekt, maliyyə, biznesin idarə olunması, beynəlxalq münasibətlər və hüquq kimi ixtisasların adı çəkilir. Son illərdə əmək bazarında məhz bu sahələr üzrə kadrlara tələbatın artması magistratura pilləsində də rəqabəti gücləndirib. Xüsusilə İT və rəqəmsal texnologiyalar sahəsində təhsil almaq istəyənlərin sayında ciddi artım müşahidə olunur. Bu səbəbdən həmin ixtisaslarda keçid ballarının yüksələcəyi ehtimal edilir.

Bəzi iqtisadi yönümlü ixtisaslarda da vəziyyət oxşardır. Maliyyə, mühasibat uçotu, marketinq və menecment üzrə magistr təhsili almaq istəyənlərin sayı hər il artır. Dövlət sektorundan daha çox özəl şirkətlərin və beynəlxalq qurumların bu sahələrə üstünlük verməsi magistratura səviyyəsində də rəqabəti yüksəldir. Ekspertlər hesab edir ki, xüsusilə ingilis bölməsi üzrə bəzi proqramlarda keçid balları ciddi şəkildə arta bilər. Digər tərəfdən, müəyyən humanitar və pedaqoji istiqamətlərdə keçid ballarının azalacağı gözlənilir. Bunun əsas səbəbi həmin ixtisaslara marağın əvvəlki illərlə müqayisədə zəifləməsi və əmək bazarında imkanların məhdud hesab olunmasıdır. Xüsusilə bəzi klassik humanitar ixtisaslarda vakant yerlərin dolmaması ehtimalı da müzakirə olunur.
Təhsil ekspertləri bildirirlər ki, keçid ballarına təsir edən əsas amillərdən biri də imtahanın çətinlik səviyyəsidir. Əgər ikinci cəhd imtahanı əvvəlki mərhələ ilə müqayisədə daha çətin olsa, bu zaman ümumi nəticələr aşağı düşə bilər və keçid ballarında ciddi artım baş verməyə bilər. Əksinə, imtahan nisbətən asan olarsa, yüksək nəticə göstərənlərin sayı artacaq və rəqabət daha da sərtləşəcək.
Mütəxəssislər onu da qeyd edirlər ki, builki qəbul prosesində əsas fərqləndirici məqamlardan biri magistr təhsilinə marağın artmasıdır. Son illərdə əmək bazarında bakalavr diplomunun kifayət etmədiyini düşünən gənclərin sayı çoxalıb. Bir çoxları həm akademik karyera, həm dövlət qulluğu, həm də xaricdə təhsil imkanları üçün magistr dərəcəsini vacib hesab edir. Bu da təbii olaraq qəbul prosesində rəqabəti yüksəldir.
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, bu il magistraturaya qəbul üzrə ikinci cəhd imtahanında iştirakçı sayı ötən illərlə müqayisədə kifayət qədər artıb:
"Əgər əvvəlki illərin statistikasına nəzər salsaq, görərik ki, magistraturaya maraq ildən-ilə yüksəlməkdə davam edir. Məsələn, 2024-cü ilin ikinci cəhd imtahanında 19 759 nəfər müraciət etmişdisə, 2025-ci ildə bu rəqəm 20 549-a yüksəlib. Bu il isə müraciət edənlərin sayı 23 708 nəfərə çatıb. Göründüyü kimi, kifayət qədər ciddi artım var və bu artım birbaşa olaraq müsabiqə vəziyyətində gərgin rəqabət vəd edir. Eyni zamanda bu proses ixtisaslar üzrə keçid ballarına da təsirsiz ötüşməyəcək.
Apardığım təhlillər əsasında deyə bilərəm ki, əsasən 45–70 bal intervalında nəticə göstərən bakalavrların sayı kifayət qədər çox olacaq. Bu isə həmin bal aralığında ötən illərdə formalaşmış keçid balları üzrə daha gərgin müsabiqə vəziyyətinin yaranmasına səbəb olacaq. Başqa sözlə desək, bu vəziyyət onu deməyə əsas verir ki, bəzi ixtisaslarda keçid ballarında minimum 1–2, maksimum isə 4–5 bala qədər artım müşahidə oluna bilər. 70 baldan yuxarı nəticə göstərən bakalavrların sayı isə ötən illərlə müqayisədə o qədər də yüksək olmaya bilər. Bu da onu deməyə əsas verir ki, 70 baldan yuxarı nəticə göstərən bakalavrların qəbul şansı daha yüksək olacaq. Yəni yüksək nəticə göstərən namizədlər üçün bu il daha üstün mövqe formalaşa bilər".
Elçin Əfəndi bildirib ki, bakalavrların böyük hissəsi ixtisas dəyişməyə maraq göstərir. Əsas üstünlük isə informasiya texnologiyaları yönümlü ixtisaslara, insan resursları sahəsinə, süni zəka, kibertəhlükəsizlik, maliyyə və valyuta məsələləri istiqamətində olan ixtisaslara verilir:
"Xüsusilə son illərdə texnologiya sahəsində yaranan yeni imkanlar və əmək bazarındakı tələbat bu istiqamətlərə marağı daha da artırıb. Digər bakalavrlar isə əsasən öz ixtisaslarının davamı üzrə təhsil almaqda maraqlıdırlar.
Bir mühüm məqam da var ki, 2024 və 2025-ci illərlə müqayisədə bu il həm birinci, həm də ikinci cəhd nəzərə alındıqda müsabiqəyə qoşulan bakalavrların sayı kifayət qədər çoxdur. 25 min nəfərdən artıq bakalavr magistratura uğrunda mübarizə aparacaq ki, bu da ötən illə müqayisədə artım deməkdir. Mövcud plan yerlərini qiymətləndirsək, təxminən 10 min nəfərə yaxın bakalavrın bu il müsabiqədən kənar qalacağı ehtimal olunur. Çünki mövcud plan yerləri ilə müraciət sayı arasında təxminən 10 min nəfərlik fərq var".
E. Əfəndinin sözlərinə əsasən, qeyd olunan rəqəmin üzərinə düzgün ixtisas seçimi edə bilməyən bakalavrları da əlavə etdikdə, təxminən 11–12 min nəfərə yaxın bakalavrın bu il magistraturaya birinci turdan qəbul olunmamaq ehtimalı yüksək görünür:
"Məhz buna görə düşünürəm ki, bakalavrlar imtahana daha ciddi hazırlaşmalıdırlar. İkinci cəhd imtahanına çox az vaxt qalıb və təxminən bir həftə sonra onlar imtahan verəcəklər. Amma burada vacib məqamlardan biri də birinci və ikinci cəhd arasında olan zaman fərqidir. Təxminən 3 aylıq müddət var idi və əgər birinci cəhddə iştirak edən bakalavr bu müddət ərzində öz səhvlərini analiz edib aradan qaldıra bilibsə, onlar ikinci cəhddə daha uğurlu nəticə göstərə bilərlər. Bu isə onların nəticələrinin yüksəlməsinə və nəticə etibarilə bu il magistr adı qazanmasına əsas təkanverici amillərdən biri olacaq".
Xalidə Gəray
Musavat.com