Bakı, 9 may, AZƏRTAC
Bu gün Ümumdünya Köçəri Quşlar Günüdür. Həmin ekoloji təqvim insanların köçəri quşlar, onların yaşayış mühiti və miqrasiya yolları haqqında biliklərini artırmağı hədəfləyən ekoloji kampaniyadır. Bu təşəbbüs qlobal miqyas daşıyır və köçəri quşların qarşılaşdığı təhlükələr, onların ekoloji əhəmiyyəti, həmçinin qorunmaları üçün beynəlxalq əməkdaşlığın vacibliyi barədə insanların məlumatlandırılmasına xidmət edən təsirli vasitədir.
Təqvim günü ilə bağlı AZƏRTAC- a açıqlama verən Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev qlobal iqlim dəyişikliyi nəticəsində ildən-ilə bütün quş populyasiyalarının sayında müəyyən azalmaların olduğunu diqqətə çatdırıb.
Mütəxəssis ölkəmizin ornitofaunası barədə məlumat verərək deyib: "Azərbaycan ornitofaunasında 19 dəstəyə, 65 fəsilə, 209 cinsə aid 407 quş növü daxildir. Bunlardan 114 növü, yəni Azərbaycanda yayılan quşların sayının 37 faizi yalnız oturaqdır, yəni ilin bütün fəsillərində ölkə ərazisində rast gəlinir. Yalnız nəsil verməyə gələn 79 (26 faiz), qışlamağa gələn 26 (8 faiz), miqrant olan 44 növ (14 faiz) mövcuddur. Ornitofaunamızda yeni növlərin sayı 39-a (13 faiz) bərabərdir. Həmin siyahıya ağbel qumluq cüllütü, kəkilli ququ quşu, kiçik tarla turağayı, dağ qamışçılı, kiçik vələmir quşu və s. aiddir. Bundan başqa, elə növlər də var ki, onlara 10-15 il ərzində rast gəlinmir, təsadüfən Azərbaycan ərazisində müşahidə olunur. Bunlara azıb gələn növlər deyilir. Ornitofaunamızda 8 belə quş növü mövcuddur. Həmin növlərə kiçikox cüllütü, qaçağan cüllütü, kiçik uzunqanadı, qırmızıbel odquyruğu, oynaq səksəki, səhra silvisini, bülbülü sisəyi, sisəyi misal göstərmək olar".
Ə.Tağıyevin sözlərinə görə, ölkəmizin yerləşdiyi əlverişli təbii-coğrafi şərait quşların Azərbaycan ərazisindən həm miqrant yolu kimi istifadə etməsinə, həm də bəzi növlərin burada məskunlaşmasına imkan verir. Rusiyanın, Qazaxıstanın şimalından, Şimali və Mərkəzi Avropa ölkələrindən hər il qışlamaq üçün Azərbaycana quşlar gəlirlər.
Nəsil vermək üçün isə Cənub-Şərqi Asiya ölkələrindən, Afrikadan quşlar gəlir, yaxud ölkəmizdən keçirlər. Quşların böyük əksəriyyəti Abşeron yarımadasında Xəzərin Şahdili burnuna gəlib miqrasiya edirlər. Buna səbəb sudan quruya məsafənin nisbətən az olmasıdır.
Mütəxəssis bildirib ki, Azərbaycan Respublikasının "Qırmızı kitabı"na daxil olan onurğalı və onurğasız heyvanlar içərisində ən əsas yeri quşlar sinfinin nümayəndələri tutur. Qeyd olunub ki, "Qırmızı kitab"ın üçüncü nəşrinə (2023-cü il) 72 quş növü daxil edilib ki, onlar içərisində ən çox qızılquşkimilər dəstəsinin nümayəndələri və ətinə görə qiymətli olan toyuqkimilər üstünlük təşkil edir: "Ümumiyyətlə, Azərbaycan faunasına daxil olan növlərin sayına görə ən çox quşlar sərçəkimilər dəstəsinə aiddir. Həmin dəstəyə təxminən 173 növ quş daxildir. Sonrakı yerləri 76 növlə cüllütkimilər dəstəsi tutur. Qazkimilər dəstəsinin nümayəndələrindən Azərbaycan faunasında 32 növ var ki, onların böyük əksəriyyəti köçəri quşlardır və ölkəmizə əsasən qışlamaq üçün gəlir".
Müxbir - Göyçək Mahmudlu