AZ

Ştutqartdakı Azərbaycan Evində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Berlin, 10 may, AZƏRTAC

Almaniyanın Ştutqart şəhərində fəaliyyət göstərən Azərbaycan Evində xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev və mədəniyyət” mövzusunda keçirilən tədbirdə Azərbaycan Evinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvü bəstəkar Günay Mirzəyeva çıxış edərək, Ulu Öndərin Azərbaycan tarixində müstəsna rolundan, milli dövlətçilik ənənələrinin formalaşması, dil siyasəti və milli kimliyin inkişafındakı misilsiz xidmətlərindən geniş bəhs edib. Ümummilli Liderin mədəniyyət sahəsinin inkişafına mühüm töhfələrindən, incəsənət xadimlərinə yüksək diqqət və qayğısından danışan Günay Mirzəyeva vurğulayıb ki, Azərbaycanın bu gün əldə etdiyi uğurların təməlində Ulu Öndərin uzaqgörən siyasəti dayanır. Bu strateji kurs onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “İncəsənət mənim bütün həyatımı əhatə edir” kitabı təqdim olunub. Kitabın müəllifi Günay Mirzəyevanın nənəsi, Birinci Qarabağ müharibəsi veteranı, “Şöhrət” ordenli jurnalist Svetlana Mirzəyevadır. Qeyd olunub ki, kitabın hazırlanması zamanı Ulu Öndər Heydər Əliyevin şəxsi tövsiyələri və məsləhətləri əsas götürülüb. Təəssüf ki, kitab nəşr olunarkən Ümummilli Lider Heydər Əliyev artıq əbədiyyətə qovuşmuşdu. Bu ümumxalq kədəri kitabın son səhifələrində əks olunub.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
81
azertag.az

1Mənbələr