AZ

"İran Naxçıvan istiqamətində baş vermiş dron hadisəsinin araşdırılacağını vəd edib" - XİN başçısı

İran tərəfi Naxçıvan istiqamətində baş vermiş raket-dron hadisəsinin araşdırılacağını Azərbaycan tərəfinə vəd edib.


Manset.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, hadisə baş verən kimi Azərbaycan tərəfindən dərhal reaksiya verilib və İran ilə çoxsaylı təmaslar həyata keçirilib.

"İran İslam Respublikasının Prezidenti tərəfindən cənab Prezidentə zəng olmuşdu. Mənim də İran xarici işlər naziri ilə bir neçə telefon danışığım olub. İran tərəfi raket və dronların İran tərəfindən atılmadığını iddia edir. Onların yanaşması ondan ibarətdir ki, burada hansısa üçüncü ölkələrin təxribatı həyata keçirilib. Məsələ ilə bağlı hərbçilər xətti ilə də bir neçə təmas baş tutub".

Xatırladaq ki, martın 5-də İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) ilə Naxçıvan ərazisinə hücum edilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Babək rayonu Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Hadisə ilə əlaqədar İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.

Seçilən
1
12
manset.az

10Mənbələr