AZ

“Məhkəmə qərarını geri oxutmaq istəyirlər” – işin içində keçmiş vəkil Adəm Məmmədov da var

“5 gün əvvəl məhkəmə tərəfindən yekun qərar elan olundu, sonra isə həmin yekun qərarın geri oxudulması ilə bağlı proses təyin olunub. Bu, nə deməkdir? Məhkəmənin yekun qərarları hansısa şəxslərin istəyinə görə dəyişdirilə bilərmi?”

Bu sualları Musavat.com-a açıqlamasında Ülkər Abbasova səsləndirib. O, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov ilə bağlı illərdir davam edən qalmaqallı məhkəmə çəkişməsində adı hallanan Fidan Abbasovanın anasıdır.

Ülkər Abbasovanın sözlərinə görə, hakim İkram Şirinovun mayın 5-də çıxardığı yekun qərarın dəyişdirilməsi istiqamətində addımlar atılır və artıq mayın 12-nə yeni proses də təyin olunub:

“Hakim İkram Şirinova mayın 5-də verdiyi yekun qərarı geri oxutdurmaq istəyirlər. Düşünürdülər ki, qızım Fidanı qanunsuz həbsə göndərəndən sonra ona şərt irəli sürəcəklər. Tərəzinin bir gözündə Fidanın azadlığı, digər gözündə isə İkram Şirinovun 3 ay süründürməçilikdən sonra onun xeyrinə çıxardığı yekun qərar dayanacaqdı. Hesab edirdilər ki, Fidan azadlığı, azyaşlı qızının yanında olmağı seçəcək və onların diktə etdiyi şərtlərlə razılaşacaq”.

Ülkər Abbasova bildirir ki, bu prosesin arxasında Mikayıl İsmayılov və vaxtilə Fidan Abbasovanın vəkili olmuş Adəm Məmmədovun əsasız şikayətləri dayanır.

Onun sözlərinə görə, illərdir Fidan Abbasovanın Adəm Məmmədovla bağlı etdiyi əsaslı şikayətlər isə nəticəsiz qalıb:

“Fidan illərlə Adəm Məmmədovun onu aldatdığını deyib, bu məsələnin araşdırılmasını tələb edirdi. Bununla bağlı aidiyyəti orqanlara müraciətlər edib, araşdırma tələb edib. Amma həmin müraciətlər araşdırılmadı. İndi isə vəziyyət tam tərsinə çevrilib”.

Şikayətdə iddia olunur ki, guya Fidan Abbasova Mikayıl İsmayılovdan hədə-qorxu yolu ilə 200 min manat alıb, Adəm Məmmədovdan isə 10 min manat tələb edib.

Ülkər Abbasova bu ittihamları “absurd və hüquqi məntiqdən uzaq” adlandırır:

“Aydın məsələdir ki, qızım istəsəydi belə, bu kişi cinsindən olan iki şəxsi hədələyə, qorxuda və onlardan pul ala bilməzdi. Amma təəssüf ki, ortada bircə dənə də sübut olmadan bu “cırtdan nağılı”na inanmaq istəyən hakim tapıldı və qızım haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçildi. Təsəvvür edin, himayəsində azyaşlı uşağı olan bir qadını iki nəfərin şikayəti əsasında həbs etdilər. Nə sübut var, nə fakt, nə də hüquqi əsas. Sadəcə ittiham və iddia... bu məntiqlə küçədən keçən hər kəsi həbs etmək olar”.

Ülkər Abbasovanın sözlərinə görə, mayın 8-də verilən həbs qərarı ailəni sarsıtsa da, onların dövlətə inamını sarsıda bilməyib:

“Mənim mərhum həyat yoldaşım Azərbaycan uğrunda ölümə gedən insanlardan olub. Qarabağ döyüşlərində iştirak edib. Amma Xətai Rayon Məhkəməsində nə Fidanın himayəsində azyaşlı uşağının olması nəzərə alındı, nə də onun qazi qızı olmasına baxdılar. Çünki məqsəd qızımın illərdir hüquqi müstəvidə apardığı mübarizəni dayandırmaq idi”.

O bildirib ki, mayın 9-da Bakı Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin 1 gün öncə verdiyi həbs qərarını ləğv edib. Lakin elə həmin gün yeni proses barədə məlumat alıblar:

“Bizə məlum oldu ki, mayın 12-də hakim İkram Şirinovun artıq qərar çıxardığı iş üzrə yenidən proses təyin olunub. Plan belə idi ki, Fidan həmin prosesə təcridxanadan gətiriləcək və ona Mikayıl İsmayılovun diktə etdiyi şərtlər müqabilində azadlıq vəd ediləcəkdi. Belə vəziyyətdə onun seçim imkanını əlindən almaq istəyirdilər”.

Ülkər Abbasova hesab edir ki, bir neçə gün əvvəl elan olunan qərarın dəyişdirilməsi ilə bağlı iddialar ciddi hüquqi və ictimai suallar doğurur:

“Soruşuram, Bakı Apellyasiya Məhkəməsinin tarixində olubmu ki, bu gün elan edilən qərar 5 gün sonra eyni hakim tərəfindən dəyişdirilsin? Əgər belə presedent yoxdursa, bu gün nə baş verir? Məhkəmə qərarları hansısa şəxslərin iradəsinə uyğun şəkildə dəyişdirilə bilərmi?”

O vurğulayıb ki, qızı yalnız övladının hüquqları uğrunda mübarizə aparır: “Ana ilə uşağı təzyiq, qorxu və həbs yolu ilə susdurmaq nə hüquqa sığır, nə vicdana, nə də insanlığa”.

Açıqlamada ailənin keçmişinə də toxunulub. Ülkər Abbasovanın sözlərinə görə, mərhum həyat yoldaşı Loğman Abbasov Milli Ordunun formalaşdığı illərdə xidmət edib, Ağdərə istiqamətində döyüşlərdə iştirak edib: “İndi həmin kişinin qızına qarşı edilənlərə baxın. Bu ailəyə yaşadılanlar hansı vicdana sığır?”

Ülkər Abbasova məsələni ölkə rəhbərliyinə qədər çatdıracağını da bildirib:

“Bu ölkədə şəhidin də, qazinin də, sadə vətəndaşın da bir ümid yeri var – cənab Prezident. Qızıma qarşı baş verən qanunsuzluqları bir-bir ölkə rəhbərliyinə çatdıracağam”.

Fidan Abbasovanın vəkili Ceyhun Yusifov isə ittihamın ciddi hüquqi suallar doğurduğunu deyib.

Xatırladaq ki, qalmaqalın kökündə illərdir davam edən atalıq məsələsi dayanır.

Fidan Abbasova ilə Orxan İsmayılzadə 8 il qeyri-rəsmi nikah münasibətində olublar. Həmin münasibətdən Nil adlı övladları dünyaya gəlib. Lakin Orxan İsmayılzadə uşağın atası olduğunu qəbul etməyib. Buna baxmayaraq, həm birinci instansiya, həm də apellyasiya məhkəmələri təqdim olunan sübutları araşdıraraq uşağın atasının məhz Orxan İsmayılzadə olduğu qənaətinə gəliblər.

Atalıqla bağlı son qərarın Fidan Abbasovanın həbsindən cəmi bir neçə gün əvvəl elan olunması, ardınca isə illər əvvəlki iddia əsasında cinayət işinin yenidən gündəmə gətirilməsi artıq sosial şəbəkələrdə və hüquq cameəsində geniş müzakirələrə səbəb olub.

Bir çoxları hesab edir ki, hadisələrin bu ardıcıllığı hüquqi müstəvidən daha çox şəxsi münasibətlər fonunda inkişaf edən təzyiq mexanizmini xatırladır.

Hazırda iş üzrə araşdırmalar davam edir. Müdafiə tərəfi Fidan Abbasovaya qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu bildirir.

E.Məmmədəliyev
Musavat.com

Seçilən
19
1
musavat.com

2Mənbələr