AZ

“ABŞ-ın tərəfini tutan gəmilər boğaza buraxılmayacaq”- Tehranın yeni “qara siyahısı” bəllidir

İran hakimiyyəti strateji əhəmiyyətli Hörmüz boğazı ilə bağlı beynəlxalq gərginliyi pik həddə çatdıracaq yeni qərarını açıqlayıb.

Musavat.com xəbər verir ki, IRNA agentliyinin yaydığı məlumata görə, rəsmi Tehran ABŞ-ın sanksiya siyasətinə qoşulan ölkələrin gəmilərini boğazdan keçirməyəcəyini bəyan edib.

İran ordusunun rəsmisi Məhəmməd Əkrəminiya bildirib ki, bundan sonra Vaşinqtonun ardınca gedərək İrana qarşı sanksiya tətbiq edən dövlətlər Hörmüz boğazından istifadə zamanı “mütləq ciddi çətinliklərlə” üzləşəcəklər.

Bu bəyanat faktiki olaraq boğazın həmin ölkələrin ticarət və neft tankerləri üçün bağlanması mənasına gəlir.

Əkrəminiyanın sözlərinə görə, bu addım İrana qarşı aparılan iqtisadi müharibəyə adekvat cavabdır. Qlobal neft daşımalarının təxminən beşdə birinin keçdiyi bu su yolunda tətbiq edilən yeni qaydalar dünya enerji bazarında qiymətlərin kəskin artmasına və tədarük zəncirində qlobal böhrana səbəb ola bilər.

Hesab olunur ki, İran bu yolla Avropa və Asiya ölkələrinə təzyiq göstərərək onları ABŞ-ın sanksiyalarından çəkindirməyə çalışır. Beynəlxalq dənizçilik hüququ normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilən bu qərar, regionda hərbi qarşıdurma riskini daha da artırır. Hazırda bir çox ölkələr öz gəmilərinin təhlükəsizliyini təmin etmək üçün alternativ yollar və hərbi müşayiət variantlarını müzakirə edirlər. Tehranın bu radikal addımından sonra Vaşinqton və müttəfiqlərinin Hürmüz boğazında naviqasiya azadlığını bərpa etmək üçün hansı tədbirləri görəcəyi dünya birliyi tərəfindən narahatlıqla izlənilir.

Seçilən
14
1
editor.az

2Mənbələr