Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin sona çatmaq üzrə olduğunu bəyan edib.
“AzPolitika” xəbər verir ki, Putin bu açıqlamanı 9 may “Qələbə Günü” münasibətilə Moskvaya gələn xarici liderlərlə görüşlərdən sonra keçirilən mətbuat konfransında verib.
Suallardan birinə cavab olaraq Putin Qərb elitalarını “ukraynalıların əli ilə Rusiyaya qarşı mübarizə aparmaqda və münaqişəni qızışdırmaqda” günahlandırıb. O, münaqişənin Ukraynanın Avropa Birliyi ilə assosiativ saziş imzalamaq istəyərkən Rusiyanın maraqlarının nəzərə alınmaması və NATO-nun şərqə doğru genişlənməsi səbəbindən başladığını qeyd edib.
Putin 2022-ci ildə, hərbi əməliyyat başladıqdan bir müddət sonra İstanbulda Rusiya ilə Ukrayna arasında sazişin paraflandığını deyib. Bundan sonra Britaniyanın Baş naziri Boris Conson müqavilənin ədalətsiz olduğu üçün onun imzalanmasına qarşı çıxıb: "Onlar(Ukraynaya) kömək vəd etdilər və sonra Rusiya ilə qarşıdurmanı gərginləşdirməyə başladılar ki, bu da bu günə qədər davam edir. Amma düşünürəm ki, bu iş sona çatmağa doğru gedir, amma bu, hələ də ciddi məsələdir".
O deyib ki, Qərb liderləri "Rusiyanın sarsıdıcı məğlubiyyətini" gözləyirdilər, amma bu baş vermədi. Daha sonra Putin hazırda guya Rusiyanın deyil, Avropanın çətin duruma düşdüyünü iddia edib: "Sonra onlar bu vəziyyətə düşdülər və bundan çıxa bilmirlər, problem budur. Baxmayaraq ki, orada mütləq ağıllı insanlar var".
Qeyd edək ki, Putin dünənki çıxışında uzun müddətdən bəri ilk dəfə Volodimir Zelenski ilə üçüncü bir ölkədə görüşə hazır olduğunu deyib. Baxmayaraq ki, son zamanlara qədər belə bir görüşün yalnız Moskvada mümkün ola biləcəyini deyirdi. Bununla yanaşı, Putin Zelenski ilə razılaşmanı müzakirə etmək üçün deyil, yalnız imzalamaq üçün görüşə hazır olduğunu bildirib. Yəni, şərtləri müzakirə etmək yox, artıq hazır razılaşmanı imzalamaq istəyir.
Hazırda müşahidəçilər Putinin “bu iş sona çatmağa doğru gedir” deyərkən, müharibənin danışıqlar masasında bitirilmək üzrə olduğunu, yoxsa Rusiya qoşunlarının “qələbəyə” yaxın olduğunu nəzərdə tutduğu barədə müzakirələr aparırlar. Əksəriyyət söhbətin danışıqlar masasından getdiyini düşünür. Çünki Rusiya qoşunlarının cəbhədə irəliləməsi faktiki mümkünsüz hala gəlib. Hücum əməliyyatları Ukraynanın yaratdığı “ölüm zonaları” səbəbindən dalana dirənib. Üstəlik, Rusiyanın neft sənayesi, hərbi müəssisələri, enerji infrastrukturu və s. Ukrayna PUA-ları və raketlərinin qarşısında acizdir. Artıq son günlər Ukraynanın Rusiyaya buraxdığı PUA-lar Rusiyanın Ukraynaya atdığı PUA-ları sayca və effektivliyinə görə üstələyir. Rusiya nə siyasi, nə hərbi, nə iqtisadi, nə də sosial baxımdan bu müharibəni davam etdirmək və xüsusilə onu qazanmaq iqtidarında deyil.
Üstəlik, internet kəsintilərindən iqtisadi problemlərə qədər bir çox səbəblər Rusiya daxilində hakimiyyətdən narazılığı artırır, Putinin reytinqləri kəskin şəkildə düşür, uzun illərdir durğunluq içində olan Rusiya cəmiyyəti hərəkətə gəlməyə, narazılığını açıq şəkildə bəyan etməyə başlayır. Bütün unlardan çıxış etsək, Putinin “bu iş sona çatmağa doğru gedir” deyərkən, nəyi nəzərdə tutduğunu anlamaq çətin deyil...
C.Məmmədli
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.