AZ

Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Peşə Məktəbi ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov geniş məruzə ilə çıxış edərək Ulu Öndərin gənclər və təhsil siyasətindən bəhs edib, ölkəmizdə peşə təhsilinin inkişafı naminə görülən işlərə diqqət çəkib. Əlişah Rəcəbov bildirib ki, Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fəlsəfəsi bu gün də dövlət siyasətinin təməlini təşkil edir. Həyata keçirilən siyasət nəticəsində gənclərin həm intellektual, həm də peşəkar kadr kimi yetişməsi Azərbaycanın qüdrətlənməsinə və milli maraqlarımızın qorunmasına xidmət edir.

Ağdaş Peşə Məktəbinin direktoru Elmira Qafarova Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətini xalqın xilası naminə atılmış tarixi bir addım kimi qiymətləndirib. O vurğulayıb ki, Azərbaycanda müasir gənclər strategiyasının təməli məhz Ümummilli Lider tərəfindən qoyulmuşdur. Bu uzaqgörən xəttin məntiqi nəticəsi olaraq, hazırda respublikamızda milli ruhda formalaşmış, yüksək vətənpərvərlik hisslərinə malik bir nəsil yetişməkdədir.

Partiya fəallarından Zülfüyə Soltanova və Elşən Mustafayev çıxışlarında qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası xalqımızın birliyini təmin edib və müstəqil Azərbaycanın güclü dövlətə çevrilməsində mühüm rol oynayıb.

Sonda Ağdaş Peşə Məktəbinin şagirdlərinin ifasında bədii kompozisiya təqdim edilib.

Seçilən
33
1
ikisahil.az

2Mənbələr