AZ

Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması regional reallıqlara uyğun siyasətə bağlıdır » AzadMedia.az



Elnurə Abuşova,
AUSD İB - Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri

Cənubi Qafqazda baş verən siyasi və təhlükəsizlik prosesləri beynəlxalq müstəvidə diqqət mərkəzindədir. Xüsusilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan danışıqlar fonunda Avropa İttifaqının Ermənistan ərazisində yerləşdirdiyi müşahidə missiyası ətrafında müzakirələr daha da intensivləşib. İzləyirəm, müxtəlif siyasi dairələr və ekspertlər bu missiyanın regionda sülhə nə dərəcədə töhfə verdiyi və ya əksinə, əlavə risklər yaratdığı barədə fərqli mövqelər səsləndirirlər.

Müşahidə missiyası ilk baxışdan təhlükəsizliyin təmin olunmasına xidmət edən beynəlxalq mexanizm kimi təqdim olunsa da, bölgədəki reallıqları yaxından izləyən bir çox analitiklər bunun siyasi və geosiyasi məqsədlər daşıdığı qənaətindədirlər. Xüsusilə Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların davam etdiyi bir mərhələdə xarici müşahidəçilərin fəaliyyətinin zəruriliyi sual doğurur. Çünki tərəflər arasında birbaşa dialoq imkanlarının genişləndiyi bir vaxtda əlavə xarici aktorların prosesə daxil olması etimad mühitinə mənfi təsir göstərə bilər.

Diqqət çəkən digər məqam isə missiyanın fəaliyyətində tərəfsizlik prinsipinin tam qorunmaması ilə bağlıdır. Son dövrlərdə missiya rəhbərliyi və bəzi Avropa rəsmilərinin açıqlamaları region ölkələrində müxtəlif reaksiyalar doğurub. Bu isə müşahidə missiyasının neytral vasitəçi imicinə müəyyən kölgə sala bilər. Regional məsələlərdə balanslı yanaşmanın qorunmaması isə onsuz da həssas olan təhlükəsizlik mühitində əlavə gərginlik riski yaradır.

Proseslərlə yaxından maraqlanan vətəndaş cəmiyyəti nümayəndəsi kimi hesab edirəm ki, Avropa İttifaqının bölgədə fəallığının artması sırf təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Burada böyük güclər arasında geosiyasi rəqabət amili də özünü göstərir.

Xüsusilə Fransadakı bəzi siyasi dairələrin Ermənistanla bağlı sərgilədiyi açıq mövqe regionda obyektiv vasitəçilik imkanlarına dair haqlı suallar yaradır. Bu yanaşmaların birtərəfli xarakter daşıdığı və uzunmüddətli sülh gündəliyinə xidmət etmədiyi barədə fikirlər səsləndirilir.

Digər mühüm məqam isə mümkün eskalasiya hallarında xarici missiyaların məsuliyyət məsələsidir. Tarixi təcrübə göstərir ki, beynəlxalq müşahidə missiyaları bir çox hallarda risk artdığı zaman bölgədən ilk ayrılan tərəflərdən biri olur. Bu baxımdan regionun təhlükəsizliyinin ilk növbədə məhz regional dövlətlərin öz məsuliyyəti və siyasi iradəsi əsasında təmin edilməsinin vacibliyi vurğulanır.

Azərbaycan tərəfi isə postmünaqişə dövründə regionda yeni əməkdaşlıq platformalarının formalaşdırılması, kommunikasiya xətlərinin açılması və davamlı sülhün təmin olunması istiqamətində təşəbbüslərlə çıxış edir.

Rəsmi Bakı hesab edir ki, Cənubi Qafqazda sabitliyin əsas yolu qarşılıqlı hörmətə, sərhədlərin toxunulmazlığına və regional əməkdaşlığa əsaslanan münasibətlər sistemindən keçir.
Eyni zamanda, Ermənistanda zaman-zaman revanşist çağırışların səsləndirilməsi də region üçün əlavə risk faktoru kimi qiymətləndirilir. Belə çağırışların yalnız regional təhlükəsizliyə deyil, ilk növbədə Ermənistanın öz gələcəyinə mənfi təsir göstərə bilər. Çünki yeni qarşıdurma perspektivi region dövlətlərinin iqtisadi inkişaf və əməkdaşlıq imkanlarını zərbə altına qoyur.

Tərəflər anlamalıdır ki, Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi yalnız xarici missiyaların fəaliyyəti ilə deyil, tərəflərin siyasi iradəsi və regional məsuliyyət yanaşması ilə müəyyən olunacaq. Xarici aktorlar bilməlidirlər ki, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün qarşılıqlı etimadın gücləndirilməsi, təxribat xarakterli ritorikadan uzaq durulması və regional reallıqlara uyğun siyasətin aparılması əsas şərtlərdən biridir.
Seçilən
49
1
azadmedia.az

2Mənbələr