Son vaxtlar ABŞ həm xarici siyasətdə, həm də daxili siyasi-iqtisadi sistemdə eyni vaxtda paralel dərin təzyiqlərlə üzləşməkdədir. Bu, isə Tramp administrasiyasının qarşıdakı dövrdə daha sərt və riskli geopolitik kurs seçə biləcəyini göstərir. Halbuki, hazırda ABŞ-ın Çinlə mümkün hərbi qarşıdurmaya artıq hazırlaşmağa başladığı və rekord həddə çatmış dövlət borcu ilə bağlı problemlər yaşadığı da bildirilir. Və bu baxımdan, üstəlik, Ağ Ev sahibi Donald Trampın fiziki-psixoloji durumu ətrafında yaranan müzakirələr isə ABŞ daxilində strateji qeyri-müəyyənliyi daha da dərinləşdirir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın Filippinlə birlikdə keçirdiyi hərbi təlimlər əslində, artıq adi regional manevr xarakteri daşımır. Çünki bu təlimlərdə raket sistemlərinin, PUA-ların və hücum dronları əleyhinə texnologiyaların sınaqdan keçirilməsi onu göstərir ki, ABŞ Çinlə mümkün hərbi münaqişənin əsas ssenarilərini əvvəlcədən modelləşdirməyə çalışır. Və xüsusilə də, Tayvan ətrafında yaranan hərbi-siyasi gərginliyə paralel olaraq, Filippin adalarının strateji platformaya çevrilməsi Çin üçün ciddi təhlükə riskinin olması barədə mesaj xarakteri daşıyır.

Məsələ ondadır ki, ABŞ-ın Hind-Sakit okean strategiyası artıq müdafiə xarakterindən çıxaraq, “önləyici çəkindirmə” modelinə keçir. Ağ Evdə anlayırlar ki, Çin hərbi-texnoloji baxımdan, sürətlə güclənir və bu, yaxın onillikdə ABŞ-ın qlobal dominantlığına əsas təhlükəyə çevrilə bilər. Ona görə də, ABŞ regional müttəfiqlərini – Yaponiya, Filippin, Avstraliya və Cənubi Koreyanı Çin əleyhinə vahid təhlükəsizlik arxitekturasında birləşdirməyə çalışır.
Ancaq bütün bunlara paralel olaraq, ABŞ daxilində iqtisadi böhran riskləri də dərinləşir. Belə ki, ABŞ-ın dövlət borcunun 39 trilyon dollara çataraq, ÜDM göstəricilərini ciddi şəkildə üstələməsi Ağ Evin maliyyə dayanıqlığı ilə bağlı ciddi suallar yaradır. Və bu baxımdan, Tramp administrasiyasının son vaxtlar ABŞ siyasi elitası, eləcə də, cəmiyyəti tərəfindən sərt tərəfindən tənqidlərə məruz qoyulması o qədər də gözlənilməz xarakter daşımır.
Məsələ ondadır ki, ABŞ-ın neqativ maliyyə-iqtisadi göstəricilərinin İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq, 100 faiz həddini aşması qətiyyən təsadüfi hesab olunmur. Çünki ABŞ iqtisadiyyatı uzun illərdir ki, məhz böyük həcmdə borclanma, dollar emissiyası və maliyyə manipulyasiyası hesabına qlobal liderliyini qoruyurdu. Ancaq indi bu modelin də davamlılığı artıq şübhə altına düşür.

Ən təhlükəli məqam isə odur ki, ABŞ tarixində xarici hərbi ekspansiya çox vaxt ölkədaxili maliyyə-iqtisadi problemlərin kompensasiyası kimi istifadə olunub. Yəni, Ağ Ev üçün geopolitik böhranlar bəzi hallarda, həm də maliyyə-iqtisadi sistemin "nəfəs borusu"na çevrilib. Bu baxımdan, Çinlə qarşıdurmanın yalnız hərbi deyil, həm də maliyyə-iqtisadi hegemonluq savaşı ola biləcəyi artıq açıq-aşkar görünür. Çünki ABŞ dollar sistemini və qlobal maliyyə üstünlüyünü qorumağa çalışdığı halda, Çin buna alternativ maliyyə-iqtisadi blok eləcə də, yeni ticarət marşrutları formalaşdırır.
Digər tərəfdən, ABŞ siyasi sistemində prezident Donald Tramp ətrafında başladılmlş neqativ məzmunlu müzakirələr də Amerika cəmiyyəti daxilində dərin parçalanmanı biruzə verir. Belə ki, ABŞ Konqresində Ağ Ev sahibi Donald Trampın fiziki durumu və psixoloji vəziyyəti barədə aparılan müzakirələr yalnız şəxsi sağlamlıq məsələsi deyil. Yəni, bu, həm də ABŞ siyasi sisteminin sabitliyi ilə bağlı ciddi narahatlıqdan qaynaqlanır. Çünki nüfuzlu "The Hill" nəşrində yayımlanan təhlildə ABŞ siyasi elitasının mümkün idarəetmə böhranına düçar ola biləcəyi ilə bağlı ehtimal artıq açıq şəkildə ön plana çəkilir.
Onu da qeyd etmək lazımdır ki, məhz belə bir ölkədaxili vəziyyət ABŞ-ın gələcək taleyi ilə bağlı olduqca təhlükəli mərhələnin yaxınlaşmaqda olduğunu da göstərir. Çünki ABŞ hazırda eyni vaxtda paralel olaraq, üç böyük təzyiq faktoru ilə üzləşmiş kimi görünür. Bir tərəfdən, xarici siyasətdə Çin və Rusiya ilə geopolitik qarşıdurma təhlükəsi artır. Digər tərəfdən, ölkə daxilində rekord iqtisadi borclanma ucbatından təzyiqlər güclənir. Və nəhayət, ABŞ-ın siyasi sistemində həm legitimlik, həm də idarəetmə böhranı ön plana keçməkdədir.

Təbii ki, belə şəraitdə Tramp administrasiyasının daha aqressiv xarici siyasət kursuna üstünlük vermə ehtimalı indi daha çox inandırıcı görünür. Çünki ABŞ tarixində ölkdaxili siyasi-ictimai və maliyyə-iqtisadi zəifləmə dövrlərində xarici düşmən faktorunun dərhal ön plana çıxarılması ənənəsi mövcuddur. Və bu baxımdan, Ağ Evin növbəti dəfə eyni metoddan istifadə edə biləcəyi qətiyyən istisna deyil. Və ona görə də, Çinlə hərbi qarşıdurma hazırlığının sürətlənməsi də məhz bu kontekstdə qiymətləndirilə bilər.
Belə anlaşılır ki, hazırda müasir dünya məhz yeni qlobal güc balansının formalaşmaqda olduğu son dərəcə kritik mərhələyə daxil olur. ABŞ artıq təkqütblü qlobal sistemə nəzarət baxımından, əvvəlki imkanlara malik deyil. Belə vəziyyətdə Çin isə qlobal liderliyə iddiasını artıq açıq şəkildə genişləndirir. Ona görə də, bu qarşıdurmanın gələcək taleyi yalnız Asiya-Sakit okean regionunu deyil, bütövlükdə beynəlxalq maliyyə sistemini, enerji marşrutlarını və yeni dünya düzənini müəyyən edə bilər.(musavat.com)