Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Son illər xüsusilə paytaxtda və iri şəhərlərdə küçələrdə, işıqforlarda, ictimai nəqliyyat dayanacaqlarında dilənçilik halları daha çox diqqət çəkir. Bəzi hallarda bu fəaliyyətin arxasında təşkilatlanmış qrupların olduğu, azyaşlıların və yaşlı insanların bu məqsədlə istifadə edildiyi barədə iddialar da səslənir. Artıq qanunvericilikdə də bununla bağlı dəyişiklik edilib. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən dəyişikliklə İnzibati Xətalar Məcəlləsinə yeni 523-1-ci maddə əlavə olunub. Yeni maddəyə əsasən, dilənçiliklə məşğul olan şəxslər cərimələnə və ya inzibati həbs oluna bilərlər.Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu əməl bütün ölkələrdə var və bununla mübarizə aparmaq çətindir:“Yəni dilənçiliklə məşğul olan şəxsi cərimələmək məsələsində o deyəcək ki, pulum yoxdur və ya başqa bir səbəb göstərəcək. İnsan artıq özünü o vəziyyətə salıbsa, nədən qorxacaq ki? Buna görə də bu, çətin məsələdir. Bununla tam effektiv mübarizə aparmaq asan deyil. Ya gərək cərimə ilə yanaşı həbs tədbiri də tətbiq olunsun, ya da müəyyən hallarda həbs olunsunlar. Yəni bir-iki dəfə cərimə, sonra isə azadlıqdan məhrumetmə tətbiq edilsin ki, bu işlə məşğul olanlar, doğrudan da ehtiyacı olanlardırsa, çəkinsinlər. Ehtiyacı olmayanlar isə həbsdən qorxub bu fəaliyyətdən uzaqlaşsınlar. Buna fərdi yanaşmaq lazımdır əvvəlcə müəyyən edilməlidir ki, həmin şəxsin doğrudan ehtiyacı var, ya yox. Əgər yoxdursa və bu, mütəşəkkil dəstə tərəfindən həyata keçirilirsə, bu artıq cinayət hesab olunmalıdır”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.