AZ

Kallas: Aİ İrana və israilli mühacirlərə qarşı yeni sanksiyaları müzakirə edəcək

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Aİ-nin Qırmızı dənizdəki "Aspides" hərbi-dəniz əməliyyatının mandatının dəyişdirilməsi və onun Fars körfəzinə qədər genişləndirilməsi imkanlarını, eləcə də İran və Yaxın Şərqdəki vəziyyətlə bağlı gələcək addımları müzakirə edəcəklər.

"Far.Az"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.

"Biz naviqasiya azadlığını və "Aspides" əməliyyatını müzakirə edirik - (Fars körfəzində və Hörmüz bölgəsində) minalardan təmizləmə və gəmilərin müşayiət olunmasında iştirak edə bilməyimiz üçün əməliyyat planlarını dəyişdirməyə hazırlıq varmı", - o, jurnalistlərə deyib.

Kallasın sözlərinə görə, Aİ İran ətrafındakı vəziyyətin diplomatik yolla nizamlanmasını dəstəkləməyə davam edir və vasitəçilər, eləcə də Fars körfəzi ölkələri ilə məsləhətləşmələr aparır.

"Biz diplomatik həlli dəstəkləyirik və iki tərəf arasında vasitəçilik edən ölkələrlə əməkdaşlıq edirik", - Aİ-nin baş diplomatı bildirib.

O vurğulayıb ki, Aİ-nin narahatlığı yalnız İranın nüvə proqramı ilə bağlı deyil: "Söhbət təkcə nüvə problemindən getmir, hansı ki, bu məsələdə biz artıq öz təcrübəmizi təklif etmişik, çünki nüvə sazişi üzrə danışıqlarda iştirak etmiş mütəxəssislərimiz var. Bu, həm də İranın qonşu ölkələr üçün yaratdığı digər təhdidlərlə – proksi-qruplar, raket proqramı, eləcə də Avropadakı hibrid və kiberfəaliyyətlə bağlı məsələdir".

Onun sözlərinə görə, Aİ özünü Fars körfəzi ölkələrinin təhlükəsizlik arxitekturasının bir hissəsi kimi görür:

"Biz müəyyən bir məqamda Körfəz ölkələrinin təhlükəsizlik arxitekturasının bir hissəsi ola biləcəyimizi müzakirə edirik, çünki bu regionu biz bilavasitə qonşu region kimi görürük".

Kallas əlavə edib ki, müharibənin dayandırılması və Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi birinci dərəcəli vəzifə olaraq qalır.

Aİ-nin Yaxın Şərqdəki sanksiya siyasətini şərh edən Kallas radikal israilli mühacirlərə qarşı sanksiyalarla bağlı siyasi razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib.

"Mən çox ümid edirəm ki, israilli mühacirlərə qarşı sanksiyalarla bağlı siyasi razılaşma əldə edə biləcəyik, bu təklif artıq uzun müddətdir ki, masa üzərindədir", - o deyib.

Seçilən
15
far.az

1Mənbələr