AZ

Azərbaycan, Gürcüstan və Türkiyədə elmə töhfələr verən alim: Şürəddin Məmmədli-70 -Fotolar



Marneulidə Azərbaycan, Gürücstan və Türkiyədə elmə töhfələr verən ədəbiyyatşünas alim Şurəddin Məmmədlinin 70 illik yubileyi qeyd olunub.
Alimin yubiley tədbirində Azərbaycan, gürcüstan və Türkiyədən elm ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak edib, alimi təbrik edib, xoş arzularını çatdırıblar.

Hər üç ölkənin elm və ədəbiyyat mühitinin parlaq simalarından biri olan Şürəddin Məmmədli sözün, elmin və milli yaddaşın keşiyində dayanan Qarapapaq ruhlu ziyalıdır. Onun 70 illik ömür yolu təkcə bir alim ömrü deyil, həm də bir məktəb, bir dəyər kimi tanınıb.
Böyük alimin qələm aldığı hər bir yazıda, sətirdə Gürcüstanda soydaşlarımızın nəfəsi, Kürün pıçıltısı, bir millətin yaddaşı yaşayır…

Əslində onu həm də çoxları “Qarapapaq” adı ilə tanıyır.
Gürcüstanda yaşayan azərbaycanlıların fəxr etdiyi ziyalılardan olan Şurəddin Məmmədli, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas alim, jurnalist və şairdir. O, həm də Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, Gürcüstan Yazıçılar Birliyinin Azərbaycanlı Yazarlar Qrupunun və Gürcüstan Jurnalistlər Federasiyasının üzvüdür.
1956-cı il fevralın 28-də Gürcüstanın Bolnisi rayonunun— Kolagir kəndində dünyaya gələn Şürəddin müəllimin ömür yolu elmin, sözün və milli yaddaşın keşiyində dayanmaqla keçib.

A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Ş.Məmmədli, daha sonra həm jurnalistika, həm də pedaqoji fəaliyyətlə məşğul olaraq yüzlərlə tələbənin və oxucunun dünyagörüşünə işıq salıb.

Azərbaycan, Gürcüstan və Türkiyə tarixi, mədəni və ədəbi əlaqələrinə dair yazdığı elmi və publisistik məqalələr bu gün də aktualdır, bu gün də yol göstərir. Onun əsərləri dəyərli bir irsdir.

Şürəddin Məmmədlinin fəaliyyətinə Azərbaycan, Gürücstan və Türkiyədə dövlt səviyyəsində yüksək qiymət verilir. Azərbaycan Milli Məclisinin deputatlarının, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubları, gürcüstan dövlətinin alimin fəaliyyətinə verdiyi qiymət - “Şərəf” ordeni buna parlaq misaldır.

Şurəddin Məmmədlinin sakit görünsə də, dərin mənalı və təsirlidir. Onun “Çeşmə”, “Dan ulduzu”, “Ağır elli Borçalı”, “Dağlar dərdə düşsə…” kimi əsərlərində qədim bir xalqın ruhu yaşayır.

Ş.Məmmədli, həm də Azərbaycan, türkiyə və Gürcüstan arasında, keçmişlə gələcək arasında, sözlə yaddaş arasında bir körpüdür.
Belə möhkəm körpü kimi ziyalılar olduqca, bir xalqın yaddaşı da yaşayır, ruhu da sönmür.
Alimin yubileyində çıxış edən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusifov, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, professor Mahmud Kamaloğlu və başqaları onun həyat yolu və yaradıcılığı, uşaqlıq və gənclik illərindəki fəaliyyəti barədə ətraflı məlumat veriblər.
Aşıq Nargilə Mehtiyeva və digər müğənnilər öz mahnıları ilə tədbirə bir ay rəng qatıblar.
Şürəddin müəllimi biz də təbrik edir, ona sağlam və uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq!

Xətayi Əzizov



Seçilən
47
aia.az

1Mənbələr