Rusiyadan Ermənistana qarşı basqılar və hibrid savaş güclənib. Hazırda Moskva-İrəvan xəttində “soyuq müharibə”yə səbəb Avropa Siyasi Birliyinin toplantısında verilən bəyanatlar, Ukrayna lideri Zelenskinin Rusiyanı təhdid etməsi və Fransa prezidentinin Ermənistanun yolunun Qərbə doğru olduğunu deməsidir. O səbəbdən, Rusiyadan ən müxtəlif səviyyələrdə xəbərdarlıqlar edilməkdədir. Moskva Paşinyan hökumətini seçkiqabağı sıxışdıraraq strateji seçim etməyi tələb kimi qarşısına qoyur: ya Rusiya, ya Avropa. Hətta Kreml lideri Putin 9 May paradında Ermənistanda referendum keçirilməsinə çağırış edib. Yəni ermənilər qərar verməlidirlər – Avrasiya İqtisadi Birliyi, yoxsa Avropa Birliyi. Təxminən Moldovanın üzləşdiyi bir siyasi mənzərə müşahidə olunur.

Ermənistana sonuncu belə xəbərdarlıq isə Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Viktor Vodolatskidən gəlib. Musavat.com-un xəbərinə görə, deputat Lenta.ru-ya müsahibəsində hədə ritorikasında danışaraq deyib ki, Ermənistan Avropa İttifaqının (Aİ) inkişaf yolunu seçərsə, bir çox ailələr bir-biri ilə əlaqəsini itirəcək.
Deputat qeyd edib ki, Ermənistanla "yumşaq ayrılığın" Rusiya üçün heç bir mənfi tərəfi yoxdur. O xatırladıb ki, Rusiya Ermənistana enerji resurslarını güzəştli qiymətlərlə tədarük edir ki, bu da əslində, ölkə iqtisadiyyatına zərər vurur. Bundan əlavə, Vodolatskinin sözlərinə görə, "qardaş respublika"ya güzəştli qiymətlərlə tədarük edilən və yerli iş adamlarına əlavə gəlir gətirən qida qrupları da var. "Yeganə itkimiz odur ki, yüz illik ortaq tariximiz ərzində ermənilərin 50 faizi Rusiya ərazisində yaşayıb. Erməni xalqı bizim üçün qardaş xalqdır. Rusiya və erməni xalqlarının dostluq münasibətlərini qoruması vacibdir, çünki bu, daimi əlaqə, daimi əlaqələr və sərbəst hərəkət deməkdir", - deyə parlament üzvü bildirib.

Vodolatski əlavə edib ki, Aİ-yə qoşulacağı təqdirdə Ermənistan Rusiya ilə sərhədini bağlamaq məcburiyyətində qalacaq və bu da bir çox ailənin bir-biri ilə əlaqəsini itirməsinə səbəb olacaq. Eyni zamanda, o, ölkədə hələ də dövlətçilik ideyasına sadiq qalacaq və Rusiya ilə münasibətlərin kəsilməsinə imkan verməyəcək bir çox siyasətçinin olduğuna ümid etdiyini bildirib.
Göründüyü kimi, ayrı-ayrı rusiyalı siyasətçilər, aşağı və yüksək ranqlı şəxslər Ermənistan hakimiyyətini təhdid edir. Kreml postsovet məkanında ondan uzaqlaşmaq istəyən ölkələrdən ən çox Ermənistana qəzəblidir. Çünki onun yaradılmasının və mövcudluğunun memarı Rusiyadır. İndi keçmiş forpost ölkənin qopma cəhdləri ağrılı bir proses kimi davam etməkdədir.
Xatırladaq ki, Vodolatski bundan əvvəl də Azərbaycanı və Ermənistanı təhdid etmişdi. Onun sözlərinə görə, hər iki ölkə bir zamanlar Ukraynanın etdiyi hərəkətləri təkrarlayır, onlar elə eyni nəticəyə məruz qalacaqlar. Ancaq bu avantürüst və populist Vodolatski unudub ki, 2 gün qabaq Ukrayna Qırmızı meydanda parad keçirməyə icazə vermişdi.
Emil Salamoğlu
Musavat.com