AZ

Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib FOTO

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) birgə təşkilatçılığı ilə ərsəyə gələn zal Ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın zəngin həyat və fəaliyyət yolunu əks etdirən ekspozisiya məkanı kimi qurulub.

Açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavinləri Səadət Yusifova, Murad Hüseynov, AMİM-nin direktoru Şirin Məlikova, Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Rssamlar İttifaqının sədri Fərhaq Xəlilov çıxış ediblər. Onlar çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, mədəniyyət və incəsənətin inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətləri xüsusi vurğulayıblar. Bildirilib ki, akademik Zərifə Əliyevanın elmi fəaliyyəti və yüksək insani dəyərlərə malik olması Azərbaycan xalqının mənəvi yaddaşında mühüm yer tutur. Qeyd olunub ki, onların zəngin irsinin müasir təqdimat vasitələri ilə gələcək nəsillərə çatdırılması milli yaddaşın qorunması və dövlətçilik ənənələrimizin köklərini gənclərə əyani formada çatdırılması baxımından əhəmiyyətli rola malikdir.

Tədbir çərçivəsində Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov və Xalq artisti, professor Ülviyyə Hacıbəyovanın ifasında Ulu Öndərin sevdiyi Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Memorial zalda Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrinin əsərləri vasitəsilə bu iki böyük şəxsiyyətin həyat və fəaliyyətinə bədii baxış təqdim olunur.  Ekspozisiyada Xalq rəssamı, görkəmli heykəltaraş Ömər Eldarovun "Elegiya" (1988-1989) və "Heydər Əliyevin büstü" (2012) əsərləri nümayiş olunur.

Zalda, həmçinin Xalq rəssamı Tahir Salahovun "Ulu Öndər Heydər Əliyevin portreti" (1998), Oqtay Sadıqzadənin "Akademik Zərifə Əliyevanın portreti" (2000) kimi mühüm sənət nümunələri yer alır.

Ekspozisiyanın mühüm hissəsini Ümummilli Liderin Azərbaycan mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, Azərbaycan Milli İncəsənət Muzeyində sərgi və tədbirlərdə iştirakını əks etdirən nadir foto və sənəd materialları təşkil edir. Bu materiallar sırasında onun görkəmli bəstəkar Arif Məlikovin yaradıcılıq gecəsində çıxışı (1995), Xalq rəssamları Toğrul Nərimanbəyov və Maral Rəhmanzadənin sərgilərində iştirakı, eləcə də dünya şöhrətli musiqiçilər Mstislav Rostropoviç və Qalina Vişnevskaya ilə görüşü kimi tarixi anlar yer alır.

Ekspozisiyada quraşdırılmış monitor vasitəsilə muzey ziyarətçiləri Ulu Öndərin mədəniyyət xadimləri ilə  müxtəlif görüşlərini işıqlandıran video materiallar, sənədli süjetlərlə tanış olmaq imkanı əldə edəcəklər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
news.milli.az

1Mənbələr