AZ

Heydər Əliyevin arzuladığı Azərbaycan: Qarabağ azaddır...

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşərək onlara mənzillərin açarlarını təqdim etməsi və bütün bunların məhz 10 May - Ulu Öndər Heydər Əliyevin doğum günündə baş verməsi böyük rəmzi məna daşıyır. Bu gün Ulu Öndərin ruhu şaddır ki, onun arzularını həyata keçirə bilmişik”.

Bunu "Cebheinfo.az”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

O qeyd edib ki, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb və onlara mənzillərin açarlarını təqdim edib və dövlətimizin başçısı görüşdə çıxış edərək mühüm strateji əhəmiyyətə malik tezislər səsləndirib və ciddi mesajlar verib:

“İlk növbədə cənab İlham Əliyev vurğulayıb ki, Zəngilan şəhərində ilk yaşayış kompleksinin istifadəyə verilməsi məhz mayın 10-da baş tutub. Bu tarix isə təsadüfi seçilməyib, çünki həmin gün Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Ulu Öndərin ən böyük arzularından biri işğal altında olan torpaqlarımızın azad olunması idi və o, bu istiqamətdə bütün imkanlarını səfərbər etmişdi.

Həmin dövrdə Heydər Əliyev ilk növbədə nizami ordu formalaşdırdı. Onun fəaliyyətinə qədər isə nizami ordu sistemi tam formalaşmamış, əsasən pərakəndə hərbi birləşmələr mövcud idi. Eyni zamanda, Ümummilli Lider güclü iqtisadi əsaslar formalaşdırdı, ölkədə sabitlik yaratdı, anarxiya və xaosa son qoydu, daxili qarşıdurmaların qarşısını aldı və xüsusilə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.

Çünki ən dəhşətli müharibə məhz vətəndaş müharibəsidir, qardaşın qardaşa qənim kəsilməsidir. Həmin dövrdə hakimiyyətdə olan birinci, ikinci, üçüncü və dördüncü şəxslər qeyri-peşəkar, real proseslərdən uzaq insanlar idi. Bu isə nəticədə Şuşa, Laçın və Kəlbəcərin işğalına gətirib çıxardı və sonradan torpaqlarımızın ümumilikdə 20 faizinin işğal altına düşməsinə şərait yaratdı.

Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın azad edilməsi idi və onun siyasi kursunu davam etdirən Azərbaycan dövləti bu missiyanı yerinə yetirdi. 44 gün davam edən Vətən müharibəsi nəticəsində şanlı Azərbaycan Ordusu, Prezident, xalq və ordu birliyi sayəsində tarixi Zəfərə imza atıldı. Bu Zəfər milli tariximizin ən mühüm səhifələrindən biridir”.

Elman Nəsirov əlavə edib ki, eyni zamanda, 2023-cü ildə həyata keçirilən bir neçə saatlıq antiterror əməliyyatı nəticəsində Qarabağda separatizmin kökü tamamilə kəsildi və Azərbaycanın bütün əraziləri üzərində suverenliyi tam bərpa olundu: 

“Artıq bir qarış torpaq belə düşmənin nəzarətində deyil. Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun bərpasını həyata keçirir. Həmin ərazilər ki, Ermənistan tərəfindən tarimar edilmiş, tamamilə dağıdılmış, daşı-daş üstünə qoyulmamışdı. Füzuli, Cəbrayıl və Ağdam tamamilə məhv edilmişdi. Bu gün isə həmin bölgələrdə genişmiqyaslı quruculuq işləri aparılır. 

Sual yaranır ki, niyə onlar bu ərazilərdə heç bir quruculuq işi aparmamışdılar? Bunun səbəbi sadədir, çünki bu torpaqlar onlara məxsus deyildi. İşğal dövründə əsas məqsəd quruculuq deyil, talan və dağıntı olmuşdur.

Bir şey ki, özünün deyil, bu ondan talançılıq olacaq. talançılıq Ermənistanda geniş yer almışdı. Ermənistanın o zamanki rəhbərliyi, əsgərləri, əhalisi açıq şəkildə talançılıqla məşğul idilər. bizimlə ermənilərin fərqi bundadır. Bizim xalqımızın ağlına bu cür vəhşiliklər gəlməzdi”.

Deputat vurğulayıb ki, biz bu gün irəli gedirik:

“Biz bu gün Qarabağı və Şərqi Zəngəzuru bərpa edirik, kəndlər salırıq, infrastruktur layihələri həyata keçiririk, yollar, körpülər, uşaq bağçaları, musiqi məktəbləri və idman meydançaları tikirik. Zəngilanda beynəlxalq hava limanı fəaliyyət göstərir. Aqropark mövcuddur.

Ermənilər təkcə bizim yaşayış məntəqələrimizi deyil, meşələrimizi də məhv etmişdilər. 60 min hektardan çox ərazidə meşə fondunu yerlə-yeksan ediblər. Meşələri yandırıblar, ağacları kəsib apararaq satıblar. Yəni əsl vəhşilik nümunəsi ortaya qoyublar. Biz isə bütün bunları yenidən bərpa edir və bunu sürətlə həyata keçiririk.

Bildirim ki, bütün bunlar üçün dövlət büdcəsindən xeyli vəsait ayrılıb. Artıq milyardlarla manat vəsaitin ayrılması sayəsində Qarabağda böyük işlər görülür. Məqsədimiz odur ki, insanlarımız ata-baba yurdlarına qayıtsınlar. 2007-ci ildən etibarən bütün çadır şəhərcikləri ləğv edildi, insanlarımız evlərlə təmin olunaraq digər yaşayış məntəqələrinə köçürüldü.

Bu gün isə onlar öz ata-baba yurdlarına qayıdırlar. Hazırda Qarabağda görülən işlərin miqyası olduqca böyükdür. Biz bu ərazilərdə yaşıl enerji sektorunu inkişaf etdiririk. Qarabağ və Şərqi Zəngəzur yaşıl iqtisadi zona elan olunub. Bu ərazilərin 10 min meqavatlıq yaşıl enerji potensialı var.

Biz Cəbrayılda 340 meqavat gücündə günəş elektrik stansiyası qurmuşuq. Bu gün işğaldan azad olunmuş ərazilərdə 300 meqavat gücündə su elektrik stansiyaları da fəaliyyət göstərir. Yaxın zamanda bu göstəricini 700 meqavata çatdırmağı planlaşdırırıq ki, bu da çox böyük nəticə olacaq. Biz bunun fərqindəyik ki, gördüyümüz iş haqq işidir. Biz irəli gedirik, öz hədəflərimizə çatırıq. 

Əsas məsələ isə budur ki, 30 ildən artıq müddətdə ata-baba yurdlarını məcburi şəkildə tərk etmiş, hər cür amansızlıqla üz-üzə qalmış, soyqırımı və qaçqınlıq həyatı yaşamış insanlarımız və onların övladları öz doğma torpaqlarına qayıtsınlar, orada xoşbəxt və firavan həyat yaşasınlar”.

Seçilən
17
cebheinfo.az

1Mənbələr