AZ

Deputat: “Fransa həqiqətən bu qədər güclü dövlət olsaydı, Mali, Niger və digər Afrika ölkələrində mövqelərini itirməzdi”

“Azərbaycanın regionda yaratdığı sülh reallıqlarına qoşulmaq istəyənlər Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində də özlərini “qəhrəman” kimi göstərməyə çalışırdılar. Öz ölkəsində belə nüfuzu ciddi şəkildə zəifləyən Makron Azərbaycana hansı dərsi verə bilərdi? Fransada keçirilən rəy sorğularında əhalinin cəmi 10-15 faizinin dəstəyini qazanan bir siyasətçinin qlobal məsələlərin həllində nə qədər təsir gücü ola bilərdi? 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu hara qədər irəliləməli olduğunu çox yaxşı bilirdi. Cənab Prezident müharibənin ilk günündən etibarən Azərbaycanın başqa dövlətlərin torpaqlarında gözü olmadığını açıq şəkildə bəyan edirdi. Məhz buna görə də hərbi əməliyyatlar Şuşada dayandırıldı. Daha sonra isə siyasi yollarla Kəlbəcər, Ağdam və Laçın qısa müddət ərzində azad edildi. Əgər Ermənistan müharibəsiz şəkildə bu üç rayonu geri qaytarmasaydı, daha böyük itkilərlə üzləşəcəkdi. Buna görə də müəyyən olunmuş müddətlər çərçivəsində həmin ərazilər Azərbaycana təhvil verildi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputatın sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron isə BMT-də Azərbaycana qarşı sanksiyaların tətbiqinə nail olmağa çalışıb: “Halbuki, Azərbaycan Ordusunun daha irəli getmək planı olsaydı, bayrağımız İrəvanda dalğalana bilərdi. Lakin Azərbaycan öz məqsədini yalnız ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə görürdü. 2023-cü il sentyabrın 20-də keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində konstitusiya quruluşu və dövlət suverenliyi tam şəkildə bərpa olundu. Makron və onun tərəfdarları özlərini guya Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi təqdim etməyə çalışırlar. Lakin belə populist və reallıqdan uzaq çıxışlarla heç kim başqa bir dövlətin təhlükəsizliyinə təminat verə bilməz. Bu gün Azərbaycana göndərilən Avropa müşahidəçiləri və ya müxtəlif xarici qüvvələr də yaxşı bilirlər ki, Azərbaycan Ordusunun gücü qarşısında nə Ermənistan, nə də onun havadarları dayana bilər. Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı da məhz regionda sülh və sabitlik yaradan Azərbaycandır”.

 

A.Badamov qeyd edib ki, uzaqdan bəyanatlar verən dövlətlər əslində vəziyyətdən istifadə edərək regionda təsir imkanlarını genişləndirməyə çalışırlar: “Əgər Fransa həqiqətən bu qədər güclü dövlət olsaydı, Mali, Niger və digər Afrika ölkələrində mövqelərini itirməzdi. Makron müstəmləkə siyasəti nəticəsində zəifləyən təsir imkanlarını indi Cənubi Qafqazda bərpa etməyə çalışır. Türkiyəyə quru yolla getmək cəhdi də bunun tərkib hissəsi idi. Lakin Türkiyə Prezidenti ona siyasi şou nümayiş etdirmək imkanı vermədi. Elə buna görə də Makron Fransaya qayıtdıqdan dərhal sonra Fransa Xarici İşlər Nazirliyi Azərbaycana qarşı Senatda növbəti ittihamlarla banlamağa başladı. Ancaq bütün bunların real nəticəsi yoxdur. Bu gün regionda sülhün əsas müəllifi və təminatçısı Azərbaycan Respublikası və Prezident İlham Əliyevdir. Əgər hansısa dövlət Cənubi Qafqazda əməkdaşlıq və sabitlik istəyirsə, ilk növbədə Azərbaycanla əməkdaşlıq etməlidir”.

 

Şəhanə Quliyeva

Tarix: 12 May 2026, 09:02   
Seçilən
2
pravda.az

1Mənbələr