“Cənab Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bildirib ki, 1993-cü ildə nəinki ərazi bütövlüyümüz, müstəqilliyimiz təhlükə altında idi: “O vaxt ölkəmizə rəhbərlik etmiş şəxslər ölkəmizi fəlakətə aparırdılar”. Tarix ortadadır. O dövrü yaşayan insanlar bunun şahididirlər. Kifayət edər ki, o dövrdə Əbülfəz Elçibəyin rəhbərliyi ilə keçirilən bir müşavirənin video yazısına baxsınlar. Vaxtaşırı da televiziyalarda göstərilir. Onların öyünməsinə bir əsas yoxdur…”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, müxalif düşərgədə səsləndirilən AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ərazilərin işğaldan azad edilməsi, uğurların əldə olunması fikirləri cəfəngiyyatdır: “Əbülfəz Elçibəy prezident kimi əyləşib, yanında Əli Kərimli və o vaxt hakimiyyətdə təmsil olunan bütün yüksək vəzifəlilərin hamısı o müşavirədə iştirak edir. Elçibəy orada deyir ki, biz hakimiyyətdə olduğumuz dövrdə ölkədə rüşvət, qanunsuzluq baş alıb gedir, anarxiyadır, dağıntı, yeyintidir... Bütün bunları Elçibəy bir-bir deyir. Yəni bunu kənar başqa adam demir ki! Həmin o müddətdə hakimiyyətdə rəhbərlik edən prezident vəzifəsini daşıyan Əbülfəz Elçibəy deyir və orada əyləşənlərin hamısını ittiham edir. Yəni özlərini ittiham edirlər ki, axı biz hakimiyyətə gələndə belə deməmişdik, bəs indi görün vəziyyət nə cürdür? Ölkədə yanacaq tapılmır, Ermənistana yanacaq daşınır, hansısa yollarla satılır. Qanunsuzluq, anarxiya və digər məsələləri özləri dilə gətirib deyirdilər. Budur onların nailiyyətləri? Tarix də məlumdur. O dövrdə onlar hansı nailiyyəti əldə etmişdilər? Ölkədə qanunsuzluq, anarxiya baş alıb gedir, iqtisadiyyat dağılıb, büdcə boş, torpaqlar işğal altında, vəziyyət acınacaqlı idi və işğal da günü-gündən davam edirdi. Budur nailiyyət? Sözü deyəndə bunu əsaslandırmaq lazımdır. Yaxın tariximizdir və bunu yaşayan insanlar var. İndi gənc nəsil o dövr barəsində, bəlkə də, məlumatları mətbuatdan, televiziyalardan, yaşlı insanlardan eşidir, izləyir. Amma biz o dövrü yaşamışıq və AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən utancverici, rüsvayedici mərhələlərindən biridir. Cənab Prezidentimiz bunu haqlı olaraq qeyd edib. Bu, faktdır. Keçmiş müdafiə naziri Rəhim Qazıyevin çıxış etdiyi videoçarx tez-tez göstərilir. Bu, kiməsə şər atmaq deyil, Rəhim Qazıyevin səsləndirdiyi fikirdir (“Şuşa əldən gedərsə, başıma güllə çaxaram”). Hamı da baxıb, görüb, reallıqdır. O dövrdə, bir il ərzində respublikada baş verən hadisələr Azərbaycan xalqının tarixinə ləkə kimi qeyd olunmalıdır, nailiyyətlər kimi yox…”
Şəhanə Quliyeva