ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranla bağlı münaqişə başlayandan sonra ilk dəfə olaraq Azərbaycandan neft daşıyan tanker Yaponiyaya çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.
Məlumata görə, neft Yaponiyanın ən böyük yanacaqdoldurma şəbəkəsi operatorlarından biri olan ENEOS tərəfindən alınıb.
Bildirilir ki, tanker Yaponiyaya təxminən 45 min kilolitr neft çatdırıb. Bu həcm ölkənin gündəlik neft istehlakının təxminən 16 faizinə bərabərdir.
NHK-nın məlumatına əsasən, Azərbaycandan neft idxalı Hörmüz boğazında yaranan gəmiçilik problemləri fonunda Yaponiyanın enerji təchizatını şaxələndirmək siyasətinin tərkib hissəsidir.
Yaponiya hökuməti daha əvvəl bəyan etmişdi ki, ölkə ən azı 2026-cı ilin sonuna qədər daxili neft tələbatını tam şəkildə ödəyə biləcək imkanlara malikdir.
Rəsmi Tokio bildirib ki, bu məqsəd alternativ marşrutlardan neft tədarükü və strateji ehtiyatların istifadəsi hesabına həyata keçiriləcək.
Alternativ marşrutlar sırasında BƏƏ-nin Fuceyra limanı və Səudiyyə Ərəbistanının Yanbu əl-Bəhr limanı vasitəsilə həyata keçirilən tədarüklər xüsusi qeyd olunub. Bildirilib ki, həmin ölkələrin hər biri Yaponiyanın daxili neft tələbatının təxminən yarısını qarşılamaq potensialına malikdir.
Bundan əlavə, ABŞ-nin Texas terminalları vasitəsilə Yaponiyaya neft ixracını ötən illə müqayisədə dörd dəfə artırmasının mümkün olduğu vurğulanıb.
Məlumatda qeyd edilir ki, Yaponiya martın 16-dan etibarən strateji neft ehtiyatlarının satışına başlayıb. Hazırda ölkənin dövlət və özəl şirkətlərə məxsus ehtiyatları ümumilikdə təxminən 470 milyon barel təşkil edir ki, bu da 254 günlük daxili tələbatı qarşılamağa kifayət edir.
Xatırladaq ki, Yaponiya may ayının əvvəlində təxminən bir ildən sonra ilk dəfə Rusiyanın Saxalin layihəsindən də neft partiyası qəbul etmişdi.
Aminə ŞAHSUVARQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.