AZ

"İnsan alveri adətən qarışıq və çoxpilləli təşkilatlanmış cinayət şəbəkəsidir" - Arslan Mikayılov

2005–2025-ci illər ərzində məsuliyyətə cəlb edilən 660 insan alverçisinin 561-i qadın, 99-u isə kişi olub: “Cinayətlərdə qadınların yalnız qurban deyil, təəssüflər olsun, cinayətkar kimi də sayının yüksək olması təhlükəli fenomenin sosial-psixoloji aspektlərinin dərindən öyrənilməsini tələb edir. Qadın cinayətlərinin sayının çoxluğu diqqət çəkir.

Mövzu ilə bağlı vəkil Arslan Mikayılov QHT.az-a açıqlama verib. 

A.Mikayılovun sözlərinə görə, insan alveri ilə bağlı ümumi yanlış təsəvvürlərdən biri qadınların üstünlük təşkil etməsidir: Bu mövzuda ümumi təsəvvür yarana bilər, amma statistik olaraq “insan alverini təşkil edənlərin əksəriyyəti qadınlardır” demək düzgün deyil. Bu cinayət şəbəkələrində həm kişilər, həm də qadınlar iştirak edir. Sadəcə bəzi hallarda qadınların daha çox görünməsi diqqət çəkir.

Arslan Mikayılov bildirib ki, cinayət şəbəkələri etibar qazanmaq üçün qadınlardan istifadə edə bilir: Bunun bir neçə səbəbi var. Qurbanların əksəriyyəti qadın və ya azyaşlı qızlar olduğuna görə, cinayətkar şəbəkələr bəzən qadınlardan etibar qazanmaq üçün istifadə edirlər. İş, model işi, baxıcılıq və ya evlilik kimi vədlər verildikdə, qadınlara daha tez etibar edildiyi halları olur.

Vəkil vurğulayıb ki, bəzi qadınlar əvvəl qurban olub sonra şəbəkələrə qoşula bilirlər: Bəzi qadınlar əvvəllər özləri də qurban ola bilər və sonradan təzyiq, qorxu, borc və ya maddi ehtiyac səbəbindən həmin şəbəkələrə qoşulurlar. Bundan başqa, kişi rəhbərlər çox vaxt arxa planda qalır, qadınlar isə qurbanlarla birbaşa ünsiyyətdə olduqları üçün hüquq-mühafizə orqanları tərəfindən daha çox aşkarlanırlar.

Mikayılov əlavə edib ki, insan alveri rol bölgüsü olan təşkilatlanmış cinayətdir: İnsan alveri adətən təşkilatlanmış cinayət şəbəkəsi olur və burada rollar bölünür: qurbanların cəlb edilməsi, daşınması, sənədləşmə və digər mərhələlər ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilir. Bu prosesdə qadınlar daha çox vasitəçi və ya əlaqə qurucu rolunda görünə bilirlər. Lakin əsas təşkilatçılar və maliyyə qazancını əldə edən şəxslər arasında kişilər də mühüm paya sahibdir.

O qeyd edib ki, qadınların çox görünməsi onların əsas təşkilatçı olması demək deyil: Yəni məsələ “qadınlar daha çox cinayətkardır” kimi deyil, bu cinayətin mürəkkəb və təşkilatlanmış strukturla işləməsi ilə bağlıdır.

Arslan Mikayılov bildirib ki, Azərbaycanda statistik görünürlük qadınların çoxluğunu tam əks etdirmir: Azərbaycanda da bəzi illərin məhkəmə və hüquq-mühafizə məlumatlarında insan alveri ilə bağlı saxlanılan və ya məhkum olunan şəxslər arasında qadınların daha çox görünməsi müşahidə olunub. Lakin bu, onların cinayətə daha meylli olması demək deyil.

Vəkil vurğulayıb ki, sosial faktorlar və etibar mexanizmləri qadınların daha çox istifadə olunmasına səbəb olur: Əsas səbəblərdən biri odur ki, ölkədə insan alverinin geniş yayılmış formalarından biri qadınların cinsi istismara cəlb olunmasıdır və bu zaman qurbanlarla ilkin əlaqə üçün qadınlardan istifadə etmək daha effektiv ola bilir. Qadınların qadınlara daha asan etibar qazandırması da bu prosesdə rol oynayır.

Mikayılov əlavə edib ki, qurbanlıqdan cinayətə keçid və sosial təzyiqlər mühüm rol oynayır: Eyni zamanda, bəzi qadınlar əvvəlcə qurban olur, sonra isə həmin şəbəkənin daxilində qalaraq başqalarının cəlb edilməsində iştirak edirlər. Sosial və iqtisadi faktorlar da mühümdür: maddi sıxıntı, asılılıq, təzyiq və xaricdə iş vədi ilə aldatma kimi hallar bu prosesə təsir göstərir.

A.Mikayılovun sözlərinə görə, nəticə olaraq bu cinayət çoxpilləli və mürəkkəb struktura malikdir: Nəticə olaraq, statistikada qadınların daha çox görünməsi, əsas təşkilatçıların qadın olması anlamına gəlmir. İnsan alveri adətən qarışıq və çoxpilləli təşkilatlanmış cinayət şəbəkəsidir.

Fatimə Nəbiyeva

Seçilən
54
qht.az

1Mənbələr