Yaxın Şərqdəki eskalasiya və Hörmüz boğazının bloklanması fonunda Yaponiyanın ENEOS şirkəti Azərbaycandan 283 min barel neft alıb.
"Far.Az" Yaponiya mediasına istinadən xəbər verir ki, bu gün, mayın 12-də Azərbaycandan neft daşıyan tanker artıq Yaponiyaya çatıb.
Neft Negisidə (Tokio yaxınlığında) yerləşən ENEOS neft emalı zavoduna yönəldiləcək.
Nəşrlər qeyd ediblər ki, Yaponiya hökuməti ABŞ və Rusiyadan idxal da daxil olmaqla, Hörmüz boğazından keçməyən alternativ neft tədarükü mənbələrinin təmin edilməsi istiqamətində səylərini fəallaşdırıb, çünki satınalma mənbələrinin şaxələndirilməsi getdikcə daha mühüm prioritetə çevrilir.
Məlumata görə, bu, Yaxın Şərqdəki münaqişənin başlanmasından bəri Yaponiyaya tədarük edilən Azərbaycan neftinin ilk partiyasıdır. İndiyədək, Hörmüz boğazının bağlanmasına qədər Yaponiya neft emalı zavodları üçün əsas xammal Yaxın Şərq nefti olmuşdur.
Yaponiyada neftin gündəlik istehlak həcmi təxminən 3 milyon barel təşkil edir.
Yaponiya həmçinin fövqəladə hallar üçün həm dövlət ehtiyatlarını, həm də özəl sektorun ehtiyatlarını özündə birləşdirən dünyanın ən böyük neft ehtiyatlarından birinə malikdir. Neft və neft məhsullarının ümumi ehtiyatları, bir qayda olaraq, bir neçə aylıq daxili tələbatı ödəyir, lakin Yaxın Şərqdə tədarükdə uzunmüddətli fasilələr olacağı təqdirdə idxalın sabitliyi ilə bağlı narahatlıqlar qalmaqdadır.