Gələn ay 80 yaşı tamam olacaq ABŞ Prezidenti Tramp Pekin səfərindən təxminən 10 gün sonra rutin nəzarət çərçivəsində geniş fiziki və stomatoloji müayinədən keçəcək.
ABŞ tarixində seçilmiş ən yaşlı prezident olan Trampın sağlamlıq vəziyyəti xüsusilə ötən il ürək və qarın nahiyəsi ilə bağlı etdirdiyi geniş görüntüləmə müayinələrindən sonra ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Sağlamlığı ilə bağlı tənqidlərə baxmayaraq, Tramp özünü yarım əsr əvvəlki qədər enerjili hiss etdiyini bildirib.O, qidalanma vərdişlərinin çox yaxşı olmadığını etiraf etsə də, fiziki baxımdan heç bir dəyişiklik hiss etmədiyini deyib.
Ötən ilin hesabatlarında prezidentin piylənmə həddindən uzaqlaşaraq təxminən 9 kilo çəki itirdiyi qeyd olunmuşdu.
Yaşlı insanlarda geniş yayılmış xroniki venoz çatışmazlıqdan başqa ciddi sağlamlıq probleminin olmadığı açıqlanmışdı.
Bundan əlavə, əlin üst hissəsində görünən göyərmələrin tez-tez əl sıxması və qoruyucu aspirin istifadəsi səbəbilə yaranan həssaslıqla əlaqəli olduğu bildirilmişdi.
Pekində Çin lideri Si Cinpin ilə keçirəcəyi görüşdən təxminən 10 gün sonra həkimləri ilə bir araya gələcək Tramp bu geniş müayinə vasitəsilə ali baş komandan vəzifəsini icra etməyə uyğun olduğunu sənədləşdirəcək.
Mövcud prosedurlara əsasən prezidentlərin hansı tibbi məlumatları ictimaiyyətlə bölüşəcəyi onların öz qərarına buraxılır.Lakin şəffaflıqla bağlı təzyiqlər səbəbilə müayinə nəticələrinin ictimaiyyətə açıqlanacağı gözlənilir.
Bu rutin yoxlamalar həm fiziki vəziyyətin izlənməsini, həm də yaşla bağlı yarana biləcək mümkün problemlərə qarşı qabaqlayıcı tədbirləri əhatə edir.