Rusiyada məktəblilər üçün təşkil olunan məcburi hərbi hazırlıq düşərgələri getdikcə daha çox hərbi sistemin bir hissəsinə çevrilir.
Musavat.com xəbər verir ki, “Vot tak” layihəsinin araşdırmasında Kremlin son illərdə yeniyetmələrin hərbiləşdirilməsi üçün geniş və bahalı infrastruktur yaratdığı bildirilir.
Məqalədə qeyd olunur ki, Rusiyanın müxtəlif bölgələrində fəaliyyət göstərən “Avanqard” adlı hərbi-vətənpərvərlik mərkəzlərində məktəblilər bir neçə gün ərzində faktiki olaraq hərbi qaydalar altında saxlanılırlar. Yeniyetmələrdən telefonlar alınır, onlar nəzarət-keçid məntəqələrindən keçirilir və məktəb düşərgəsindən daha çox hərbi hissəni xatırladan rejimlə qarşılaşırlar. Araşdırma müəllifləri vurğulayırlar ki, burada uşaqlara atəş açmaq, dron idarə etmək, binalara hücum etmək və döyüş şəraitində hərəkət etmək öyrədilir. Paralel şəkildə məktəblilər arasında gələcək hərbçilərin və təhlükəsizlik strukturu əməkdaşlarının seçilməsi istiqamətində də iş aparıldığı qeyd olunur. Araşdırmaçılara görə, bu mərkəzlər vasitəsilə yeniyetmələr Ukraynaya qarşı müharibənin gələcək iştirakçıları kimi formalaşdırılır.
Araşdırmaya görə, “Avanqard” mərkəzləri əsasən regional büdcələr hesabına maliyyələşdirilir. Nəşrin hesablamalarına əsasən, 2020-ci ildən bəri bu proqram üçün ümumilikdə ən azı 36,5 milyard rubl, yəni təxminən 486 milyon dollar xərclənib. Ən iri və ən bahalı layihənin Moskva vilayətində yerləşən “Avanqard” mərkəzi olduğu bildirilir. Moskva şəhəri və vilayət büdcələrinin məlumatlarına əsasən, yalnız bu mərkəzin tikintisi və saxlanmasına 2021-ci ildən bəri azı 13,6 milyard rubl – təxminən 183 milyon dollar ayrılıb.
Məqalədə qeyd olunur ki, Ukrayna müharibəsindən sonra Rusiyada məktəblərin və gənclər təşkilatlarının hərbiləşdirilməsi nəzərəçarpacaq dərəcədə sürətlənib. Məktəblərdə “vətənpərvərlik dərsləri”, hərbi hazırlıq proqramları və dron təlimləri genişləndirilib. Araşdırma müəllifləri hesab edirlər ki, Kreml uzunmüddətli perspektivdə yeni nəslin hərbi düşüncə ilə formalaşdırılmasına və cəmiyyətin daha da militarizasiyasına çalışır.
Musavat.com