AZ

Ekspert: Azərbaycan Yaxın Şərqdə sabitlik modeli kimi fərqlənir

Bakı, 12 may, AZƏRTAC

Son dövrlərdə Yaxın Şərqdə artan gərginlik, xüsusilə ABŞ-İran qarşıdurması fonunda dünya bazarlarında neft və ərzaq qiymətlərinin yüksəlməsi qlobal iqtisadi təhlükəsizliklə bağlı narahatlıqları daha artırıb. Dünyada daşınan neftin mühüm hissəsinin keçdiyi Hörmüz boğazı ətrafında yaranan risklər beynəlxalq ticarət zəncirinə və enerji bazarlarına ciddi təsir göstərir. Bu cür geosiyasi böhranlar ərzaq təhlükəsizliyi, logistika və inflyasiya proseslərinə birbaşa təsir etməklə bir çox ölkələr üçün əlavə iqtisadi təzyiqlər yaradır. Belə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanda qorunan sabitlik, sosial-iqtisadi dayanıqlıq və ictimai təhlükəsizlik xüsusilə diqqət çəkir.

Bəs mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın qoruduğu daxili sabitlik və təhlükəsizlik mühiti region ölkələri ilə müqayisədə hansı strateji üstünlükləri yaradır?

Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu AZƏRTAC-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən son hadisələr, xüsusilə İran ətrafında artan gərginlik, Hörmüz boğazında müşahidə olunan təhlükəli proseslər fonunda Azərbaycanın nümayiş etdirdiyi daxili sabitlik və balanslaşdırılmış xarici siyasət region üçün mühüm nümunə kimi diqqət çəkir. Azərbaycan neft və enerji resurslarına malik olsa da, bu resursların hər zaman sabitlik və təhlükəsizlik təmin etmədiyini bölgədə baş verən hadisələr açıq şəkildə göstərir.

Ekspert qeyd edib ki, son 10-15 ildə Yaxın Şərqdə baş verən proseslərə nəzər saldıqda, bir çox ölkələrdə yaşanan böhranların əsas səbəblərindən birinin lider boşluğu olduğu aydın görünür.

“Bunu çəkinmədən demək olar. Baxmayaraq ki, Azərbaycanın ərəb ölkələri ilə münasibətləri yüksək səviyyədədir, amma bu gün regionda bir çox dövlətlərdə lider böhranı açıq şəkildə müşahidə olunur. Suriyada baş verən vətəndaş müharibəsi bunun ən ağır nümunələrindən biridir. Halbuki Suriya həm neft ehtiyatlarına, həm kənd təsərrüfatına, həm də digər iqtisadi potensiala malik ölkə idi. Lakin idarəetmədəki problemlər ölkəni faciəvi vətəndaş müharibəsinə sürüklədi və bunun ağır nəticələrini bu gün də görürük”, – deyə Rufiz Hafizoğlu vurğulayıb.

Ekspertin sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələrə lokal yanaşmaq düzgün deyil. “Əgər məsələyə fundamental yanaşırıqsa, bütün proseslərə kompleks şəkildə baxmaq lazımdır. Mən əvvəldən də qeyd etmişdim ki, İran ətrafında aparılan danışıqlar prosesinin uğurlu nəticə verəcəyinə inanmıram. Son açıqlamalar da bunu göstərir. Hətta ABŞ Prezidenti Donald Trampın son bəyanatları da bu prosesin nə qədər mürəkkəb olduğunu ortaya qoydu. Hesab edirəm ki, İran ətrafında və ümumilikdə Yaxın Şərqdə başlayan proseslər hələ pik həddə çatmayıb və qarşıdakı dövrdə daha mürəkkəb mərhələlər yaşana bilər. Bütün bu mürəkkəb proseslərin fonunda Azərbaycan fərqli mövqeyi ilə seçilir. Azərbaycan bu gün regionda münaqişə tərəflərinin hər biri ilə açıq dialoq qura bilən nadir ölkələrdəndir. Bu, Azərbaycanın xarici siyasətinin mühüm uğurudur və ölkə başçısının həyata keçirdiyi balanslı siyasətin nəticəsidir. Azərbaycan həm ərəb dünyası ilə, həm İsraillə normal münasibətlərə malikdir. Eyni zamanda, İranın zaman-zaman sərgilədiyi aqressiv addımlara baxmayaraq, Bakı Tehranla da təmkinli və ölçülüb-biçilmiş siyasət yürüdür. Bununla yanaşı, ABŞ ilə münasibətlər də yüksək səviyyədə qorunur”, – deyə ekspert qeyd edib.

Rufiz Hafizoğlu hesab edir ki, regionda baş verən bir çox problemlərin əsas səbəblərindən biri tərəflər arasında dialoq mühitinin olmamasıdır.

“Azərbaycanın bütün tərəflərlə diplomatik əlaqələrə və dialoq imkanlarına malik olması ölkəyə daha geniş manevr imkanları verir. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Burada ən vacib məsələlərdən biri də daxili sabitlikdir. Biz görürük ki, neft və zəngin resurslar hər zaman sabitlik demək deyil. Bəzi ərəb ölkələrinin timsalında bunun acı nəticələri müşahidə olunub. Azərbaycan isə bütün bu balansları qoruyaraq həm daxili, həm də xarici siyasətini uğurla davam etdirir. Azərbaycanın Yaxın Şərq siyasəti son dərəcə incə və dəqiq şəkildə qurulub.

Azərbaycanın Yaxın Şərq siyasəti o qədər həssas və dəqiq hesablanmış siyasətdir ki, bu gün regionda yaşanan bütün böhranlara baxmayaraq ölkə özünü təhlükəsiz və sabit hiss edə bilir. Bəzən belə fikir formalaşdırmağa çalışırlar ki, Yaxın Şərqdə baş verənlərin Azərbaycana aidiyyəti yoxdur. Amma bu, doğru yanaşma deyil. Azərbaycan Şərq dünyasının ayrılmaz hissəsidir və regionda baş verən bütün proseslər dolayısı ilə bizə də təsir edir. Məhz buna görə də Azərbaycanın həyata keçirdiyi balanslı siyasət ölkəmizə ciddi strateji üstünlüklər qazandırır. Ən vacib məqam isə ondan ibarətdir ki, Azərbaycan bütün tərəflərlə dialoq mexanizmlərini qoruyub saxlayır”, – deyə ekspert fikrini tamamlayıb.

Müxbir - Səbinə Əlizadə

Seçilən
39
2
azertag.az

4Mənbələr