AZ

Bakı və Ankaranın koordinasiyalı mövqeyi Fransanın planlarını zəiflədir

"ATƏT-in Minsk qrupu uzun illər ərzində Ermənistan–Azərbaycan münaqişəsinin həllinə vasitəçilik missiyası ilə çıxış etsə də, praktik nəticələr baxımından bu formatın səmərəsizliyi artıq tarixi fakt kimi qəbul olunur. ABŞ, Rusiya və Fransanın həmsədr olduğu bu mexanizm formal olaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə legitimlik qazanmışdı. Lakin bu dövlətlərin beynəlxalq hüququn icrasına yanaşmada nümayiş etdirdiyi selektivlik Minsk qrupunun effektivliyini ciddi şəkildə sual altına aldı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirdi.

Onun sözlərinə görə, həmin ölkələri birləşdirən əsas faktor beynəlxalq nizamı qorumaqdan çox, öz geosiyasi maraqlarını müxtəlif regionlarda balanslaşdırmaq idi:

"Nəticədə, 30 ilə yaxın müddətdə Ermənistanın işğal siyasəti faktiki olaraq legitimləşdirildi, “status-kvo” anlayışı isə problemin dondurulmasına xidmət edən bir mexanizmə çevrildi. Azərbaycanın şəhərləri və kəndləri dağıdıldığı halda, beynəlxalq vasitəçilərin passivliyi ikili standartların açıq göstəricisinə çevrildi. Prezident İlham Əliyevin illər boyu bu ədalətsiz yanaşmanı açıq şəkildə tənqid etməsi və BMT qətnamələrinin icrasının tələb olunması prosesə siyasi təzyiqin artırılmasında mühüm rol oynadı. 44 günlük Vətən müharibəsindən sonra isə Azərbaycan reallığı özü dəyişdi və Minsk qrupunun mövcudluğunu mənasız etdi. "Bakının həmsədrlərə artıq ehtiyac yoxdur" mesajı da bu formatın diplomatik tarixdən silinməsi demək idi. Eyni zamanda, Ermənistanın dövlətçilik təcrübəsi və siyasi davranış modeli də regionda xüsusi müzakirə mövzusudur. Tarixən xarici güclərə söykənən idarəçilik ənənəsi bu ölkənin müstəqil siyasət yürütmək qabiliyyətini məhdudlaşdırıb. Bu gün Fransa kimi aktorların regiona təsir imkanlarını artırmaq üçün Ermənistandan istifadə etməsi də həmin asılılıq modelinin davamı kimi görünür. Fransa Prezidenti Emmanuel Makronun Cənubi Qafqaz siyasəti isə daha çox simvolik və populist xarakter daşıyır. Onun regionla bağlı təşəbbüsləri real güc balansını dəyişməkdən çox siyasi görüntü yaratmağa xidmət edir. Azərbaycan və Türkiyənin koordinasiyalı mövqeyi isə bu cür təşəbbüslərin reallıqla uzlaşmadığını göstərir və regional gündəmin artıq Bakı-Ankara xətti üzərində formalaşdığını təsdiqləyir. Ümumilikdə isə Minsk qrupunun iflası, Ermənistanın asılı xarici siyasəti və Qərbin selektiv yanaşması Cənubi Qafqazda yeni bir geosiyasi mərhələnin formalaşmasına gətirib çıxarıb. Bu mərhələdə əsas müəyyənedici güc isə Azərbaycan dövlətidir".

NURİYYƏ

Seçilən
75
1
redaktor.az

2Mənbələr