AZ

Neft bahalaşdı

İran–ABŞ xəttində artan gərginlik və Hürmüz Boğazı ətrafında təhlükəsizlik risklərinin qalması qlobal neft bazarlarında qiymətləri yüksəldib.

VAXT.AZ “Bloomberg” ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İranla atəşkəsə dair danışıqlara skeptik yanaşması və Tehranın son sülh təkliflərini qəbul etməməsi bazarda qeyri-müəyyənliyi artırıb. Nəticədə enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında faktiki riskli vəziyyət davam edir.

“Brent” markalı neft əvvəlki sessiyada 2,9% bahalaşdıqdan sonra bir barel üçün təxminən 105 dollar, ABŞ-ın “WTI” markalı nefti isə 99 dollara yaxın səviyyədə ticarət olunub.

ABŞ rəsmiləri bildirirlər ki, İran ABŞ-ın sanksiyaların yumşaldılması və dəniz məhdudiyyətlərinin aradan qaldırılması tələblərini əsas şərt kimi irəli sürür. Bu isə danışıqların nəticə verməsini çətinləşdirir.

“Bloomberg Economics” analitikləri qeyd edirlər ki, tammiqyaslı sülh razılaşması ehtimalı aşağıdır və yaxın dövrdə tərəflər arasında gərginliyin yenidən hərbi toqquşma riskinə çevrilməsi mümkündür.

Hazırkı vəziyyət bazarda klassik geopolitik risk premium yaradır. Hörmüz boğazı ilə bağlı hər bir eskalasiya nefti dərhal 100+ dollar səviyyəsində saxlayır. Əsas risk fiziki təchizatın kəsilməsi deyil, logistik qeyri-müəyyənlikdir.

Əgər boğazda təhlükəsizlik daha da pisləşərsə, qiymətlərdə növbəti mərhələdə 110–120 dollar aralığı sınaqdan keçirilə bilər. Əks halda, diplomatik yumşalma olarsa, bazar sürətlə 90–95 dollar zonalarına geri dönə bilər.

Hazırda isə bazar bir faktı qiymətləndirir – müharibə nə tam başlayıb, nə də sülh realdır və bu boşluq qiymətləri yüksək saxlayır.

Seçilən
39
vaxt.az

1Mənbələr