Bakı, 12 may, AZƏRTAC
Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi tezislər bir daha göstərdi ki, Azərbaycan-Ermənistan münaqişəsinin otuz ilə yaxın davam etməsinin əsas səbəblərindən biri yalnız Ermənistanın işğalçı siyasəti deyildi, bu prosesin arxasında beynəlxalq münasibətlər sistemində ikili standartlara əsaslanan, “münaqişənin idarə olunması” modelini “münaqişənin həlli”ndən üstün tutan siyasi yanaşma dayanırdı. ATƏT-in Minsk qrupu və onun həmsədrləri faktiki olaraq status-kvonun saxlanılması, işğalın zamanla legitimləşdirilməsi və Azərbaycanın tarixi torpaqlarının ilhaqına zəmin yaradılması siyasətinin iştirakçılarına çevrilmişdilər. Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya təsadüfi dövlətlər deyildi. Onların hər biri nüvə dövlətidir, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Yəni beynəlxalq hüququn icrasına cavabdeh olan əsas güclər məhz onlar idi. Paradoks isə ondan ibarət idi ki, həmin dövlətlər BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin etmək üçün real siyasi iradə nümayiş etdirmədilər. Əksinə, proses elə istiqamətləndirildi ki, qətnamələr kağız üzərində qaldı, işğal isə “danışıqlar mövzusu”na çevrildi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, otuz ilə yaxın müddətdə həmsədrlərin dəyişməyən əsas tezisi “münaqişənin hərbi həlli yoxdur” ifadəsi idi: “Bu ifadə, əslində Azərbaycanın öz suveren hüquqlarını bərpa etməsinə qarşı yönəlmiş siyasi təzyiq aləti idi. Çünki beynəlxalq hüquq işğala məruz qalmış dövlətə öz ərazi bütövlüyünü bərpa etmək hüququ verir. Lakin Minsk qrupu Azərbaycanın bu hüququnu faktiki olaraq inkar edir, işğalçı ilə işğala məruz qalan tərəfi eyniləşdirməyə çalışırdı.
Hətta müəyyən mərhələdə Ermənistanın siyasi manipulyasiyalarına uyğun olaraq “Dağlıq Qarabağ” anlayışının yerinə “Şimali Qarabağ” ifadəsinin dövriyyəyə buraxılması cəhdləri də müşahidə olunurdu. Bu, təkcə termin məsələsi deyildi. Məqsəd Azərbaycanın öz torpaqlarına sonradan “qayıdan tərəf” kimi təqdim edilməsi idi. Başqa sözlə, işğal faktı informasiya və diplomatiya müstəvisində tədricən normallaşdırılırdı. Bütün bunlar baş verərkən həmsədrlərin gözü qarşısında Azərbaycan şəhərləri yerlə-yeksan edilirdi. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər rayonlar sistemli şəkildə dağıdılmışdı. Məscidlər təhqir olunur, tarixi-mədəni irs məhv edilir, qəbiristanlıqlar vandallığa məruz qalırdı. İşğal altındakı ərazilərdə qanunsuz məskunlaşma aparılır, yeni tikintilər həyata keçirilir, Azərbaycanın təbii sərvətləri talan edilirdi. Bütün bunlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Lakin Minsk qrupu ya susurdu, ya da formal bəyanatlarla məsələni ört-basdır etməyə çalışırdı”.
Minsk qrupu - siyasi və diplomatik tarixdə iflasa uğramış institut
Deputat qeyd edib ki, Minsk qrupu uzun illər ərzində diplomatik fəaliyyət görüntüsü yaratmaqla məşğul idi. Saysız-hesabsız səfərlər, görüşlər, bəyanatlar, fotoşəkillər və protokol tədbirləri reallığı dəyişmirdi. Münaqişə dondurulmuş vəziyyətdə saxlanılır, işğal isə davam etdirilirdi. Bu mənada Minsk qrupu beynəlxalq diplomatiyanın ən uğursuz və ən riyakar mexanizmlərindən biri kimi tarixə düşdü. Minsk qrupunun fəaliyyəti ətrafında yaranmış müxtəlif qalmaqallar da onun nüfuzuna ciddi zərbə vurmuşdu. Keçmiş şəxsi nümayəndə Anjey Kasprşikin uzun illər bölgədə “münaqişə diplomatiyası”ndan komfort zonası yaratması barədə yayılan məlumatlar, Bakı, Xankəndi, Tbilisi və İrəvanda villalar kirayələməsi ilə bağlı iddialar beynəlxalq vasitəçilik institutunun necə deformasiyaya uğradığını göstərirdi. Münaqişə bəzi beynəlxalq funksionerlər üçün siyasi və maliyyə komfortu təmin edən davamlı mexanizmə çevrilmişdi.
“2020-ci ilin payızında Azərbaycan xalqı və dövləti bu saxta diplomatik konstruksiyanı dağıtdı. Prezident İlham Əliyevin siyasi iradəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın milli birliyi nəticəsində işğala son qoyuldu. Bununla da Minsk qrupu faktiki olaraq mənasını itirdi. Çünki həll edə bilmədiyi məsələni Azərbaycan özü həll etdi. Bu gün Minsk qrupu artıq siyasi və diplomatik tarixdə iflasa uğramış institut kimi xatırlanır. O, beynəlxalq münasibətlər sistemində ikili standartların, geosiyasi riyakarlığın və postmüstəmləkə təfəkkürünün simvollarından birinə çevrilib. Ədaləti təmin etməli olanlar işğalın davam etməsinə şərait yaratdılar, beynəlxalq hüququ müdafiə etməli olanlar isə hüququ siyasi maraqlara qurban verdilər. Lakin tarix göstərdi ki, xalqın iradəsi və dövlətin qətiyyəti saxta vasitəçilik mexanizmlərindən daha güclüdür. Azərbaycan öz torpaqlarını danışıqlar imitasiya edən qurumların deyil, öz ordusunun gücü ilə azad etdi və bununla beynəlxalq münasibətlər tarixində yeni siyasi reallıq formalaşdırdı”, -deyə Elçin Mirzəbəyli qeyd edib.