AZ

Yücel Karauz: Azərbaycan-Türkiyə əməkdaşlığı Cənubi Qafqazda təhlükəsizlik və siyasi balans platformasını formalaşdırır

Bakı, 12 may, AZƏRTAC

Fransanın Ermənistan üzərindən Cənubi Qafqazda təsir imkanlarını artırmaq cəhdləri klassik müstəmləkəçilik modelindən fərqlənsə də, mahiyyət etibarilə yeni tip geosiyasi himayədarlıq və neokolonial təsir siyasəti kimi qiymətləndirilə bilər. Burada əsas məqsəd Ermənistanın təhlükəsizliyini təmin etməkdən daha çox, onu regional güclərdən uzaqlaşdıraraq xarici siyasi gündəmin alətinə çevirməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib.

Onun sözlərinə görə, son dövrdə Ermənistanın Avropa strukturlarına yaxınlaşması, İrəvanda Avropa Siyasi Birliyi sammitinin keçirilməsi və Fransanın açıq siyasi dəstəyi bu xəttin getdikcə gücləndiyini göstərir.

“Azərbaycanın yanaşması isə tam fərqlidir. 44 günlük Vətən müharibəsi və sonrasında Qarabağda suverenliyin tam bərpa olunması bölgədə təxminən 30 ilə yaxın davam edən işğal sistemini və xarici aktorların həmin status-kvo üzərindən qurduğu siyasi balansı aradan qaldırdı. Bu səbəbdən artıq Cənubi Qafqazın gələcəyi Parisdə, Brüsseldə və ya digər xarici mərkəzlərdə deyil, region dövlətlərinin iradəsi ilə formalaşmalıdır. Avropa İttifaqı missiyası ilə bağlı Azərbaycanın etirazı müşahidə fəaliyyətinin özünə deyil, bu missiyanın tərəfsizlik görüntüsü altında Ermənistanı siyasi və psixoloji baxımdan təşviq edən təhlükəsizlik çətiri kimi təqdim olunmasına yönəlib. Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlərdə də bu məqam açıq şəkildə vurğulandı. Dövlət başçısı Aİ müşahidəçilərinin sanki Ermənistanı Azərbaycandan qoruyan mexanizm kimi davranmasına diqqət çəkdi. Bu isə bölgədə balansın pozulmasına və sülh prosesinin zədələnməsinə xidmət edən yanaşmadır”, – deyə o bildirib.

Y.Karauzun sözlərinə görə, Azərbaycan-Türkiyə tandemi bu gün regionda yeni təhlükəsizlik arxitekturasının əsas sütununu təşkil edir.

“Bu tandem aqressiv blok deyil. Əksinə, suverenlik, ərazi bütövlüyü, nəqliyyat-kommunikasiya xətlərinin açılması, enerji təhlükəsizliyi və dayanıqlı sülh prinsiplərinə əsaslanan regional tarazlıq mexanizmidir. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksələn bu əməkdaşlıq artıq yalnız hərbi sahəni deyil, diplomatik, iqtisadi, enerji və nəqliyyat istiqamətlərini də əhatə edir. Bu gün Azərbaycan və Türkiyə Cənubi Qafqazın əsas müəyyənedici siyasi gücünə çevrilib. Bölgədə uzunmüddətli və davamlı sülhün təmin olunması Ermənistanın Fransa və digər xarici güclərin geosiyasi planlarına bağlanmasından deyil, Azərbaycan və Türkiyə ilə normallaşmanı strateji seçimə çevirməsindən keçir. Əks halda Ermənistan yenidən böyük güclərin rəqabət meydanına çevrilə bilər. Bu isə nə Ermənistanın, nə də bütövlükdə regionun maraqlarına cavab verir”, – deyə Yücel Karauz vurğulayıb.

General bildirib ki, Fransanın bölgədə həyata keçirməyə çalışdığı siyasət sülhdən daha çox nüfuz mübarizəsinə xidmət edir.

“Buna qarşılıq olaraq Azərbaycan-Türkiyə əməkdaşlığı Cənubi Qafqazda yeni dövrün təhlükəsizlik, nəqliyyat və siyasi balans platformasını formalaşdırır. Regionun gələcəyini xarici müdaxilələr deyil, məhz bölgə dövlətlərinin suveren iradəsi müəyyən etməlidir.

Müxbir - Səbinə Əlizadə

Seçilən
14
1
azertag.az

2Mənbələr