Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhəri, rayonun Qırımızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək evlərində məskunlaşıblar.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 6 ailə - 24 nəfər, Qırmızı Bazar qəsəbəsinə 6 ailə - 24 nəfər, Xocavənd kəndinə isə 6 ailə - 20 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
14:10
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr yurdlarına qovuşublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Xocavənd şəhəri 6 ailə olmaqla 24 nəfərə, Qırmızı Bazar qəsəbəsi 6 ailə olmaqla 24 nəfərə, Xocavənd kəndi isə 6 ailə olmaqla 20 nəfərə qucaq açıb.
Köçürülən sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb, yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.
13:03
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavənd şəhərinə 6 ailə - 24 nəfər, Qırmızı Bazar qəsəbəsinə 6 ailə - 24 nəfər, Xocavənd kəndinə isə 6 ailə - 20 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.