"Azərbaycanla Erməsnitan arasında müxtəlif addımlar atılır ki, həm sülh prosesinə dəstək verilsin, həm də qarşılıqlı etimad bərpa olunsun. Məsələn, müəyyən malların ticarəti həyata keçirilir: Azərbaycan öz məhsullarını ixrac edir, eyni zamanda tranzit ölkə kimi digər üçüncü ölkələrin mallarının daşınmasını təmin edir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fariz İsmayılzadə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.
"Son 35 ildə ilk dəfə olaraq ölkə rəhbəri Ermənistanda keçirilən beynəlxalq tədbirdə videoformatda çıxış edib. Bu da mühüm addımlardan biri hesab olunur. Bundan əlavə, parlament sədrləri arasında bir neçə görüş keçirilib, sonuncusu da yaxın vaxtlarda baş tutub. Qeyri-hökumət təşkilatları və ekspertlər səviyyəsində də ictimai diplomatiya çərçivəsində görüşlər davam edir. Həm QHT nümayəndələri, həm də baş nazir müavini səviyyəsində hökumət nümayəndələrinin iştirakı ilə müxtəlif səfərlər və görüşlər həyata keçirilib.
Ümumilikdə bu proseslər göstərir ki, qarşılıqlı sülhün və etimadın formalaşması və inkişafı istiqamətində müəyyən addımlar atılır. Seçkilərlə bağlı isə qeyd etmək lazımdır ki, müşahidə formaları müxtəlif ola bilər. Beynəlxalq təşkilatlar çərçivəsində müşahidə missiyaları, ikitərəfli razılaşmalar əsasında nümayəndələr, vətəndaş cəmiyyəti təmsilçiləri və digər formatlar mövcuddur.
Bu, olduqca mürəkkəb bir institutdur və müxtəlif elementləri əhatə edir. Bəzi ölkələrdə müşahidə prosesinə MSK üzvləri, ekspertlər və digər nümayəndələr də cəlb olunur. Hansı formatın tətbiq olunacağı və ya ümumiyyətlə müşahidənin olub-olmayacağı barədə isə indidən dəqiq fikir bildirmək çətindir".
Xədicə BAXIŞLI