"Fransa Prezidenti Emmanuel Makronun çıxışları birbaşa Azərbaycana yönəlmiş tənqid kimi deyil, daha çox ABŞ-yə, xüsusilə Donald Tramp administrasiyasına ünvanlanmış mesajlar kimi görünür. Burada əsasən Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında artan rəqabət və münasibətlərin kəskinləşməsi fonunda formalaşan siyasi gərginlik müşahidə olunur".
Redaktor.az xəbər verir ki, bu fikirləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.
Onun sözlərinə görə, digər mühüm məqam ondan ibarətdir ki, Avropa İttifaqı ilə ABŞ arasında münasibətlərin son dövrlərdə xeyli dərəcədə soyuması açıq şəkildə nəzərə çarpır:
"Eyni zamanda, ABŞ və Rusiyanın müəyyən istiqamətlərdə yaxınlaşması ehtimalı da müzakirə mövzusudur. Burada xüsusilə “TRIPP” layihəsi çərçivəsində təhlükəsizlik təminatının kim tərəfindən həyata keçiriləcəyi məsələsi ön plana çıxır. İlkin mərhələdə ictimai diskursda belə bir fikir də səslənmişdi ki, təhlükəsizliyi hansısa qeyri-dövlət aktoru və ya beynəlxalq şirkət təmin edə bilər, yəni Ermənistan sərhədçiləri və ya yerli hərbi, polis strukturlarının iştirakı olmadan. Sonrakı mərhələdə isə Ermənistan tərəfinin Rusiya sərhədçilərinə münasibətində müəyyən yumşalma müşahidə olundu. Bu isə belə bir ehtimalı gündəmə gətirir ki, tərəflər layihə daxilində həm ABŞ-nin texnoloji və kommunikasiya rolunu, həm də Rusiyanın müəyyən təhlükəsizlik və ya nəzarət funksiyasını paralel şəkildə yerləşdirməyə çalışa bilərlər. Belə bir ssenariyə əsasən, ABŞ şirkətləri layihənin texniki və kommunikasiya infrastrukturunda əsas rol oynaya bilər, Rusiya isə öz təsir imkanlarını qorumaq üçün müəyyən təhlükəsizlik komponentlərində iştirak etməyə çalışa bilər. Təbii ki, bu barədə dəqiq rəsmi məlumat yoxdur və bu, daha çox mövcud tendensiyaların və siyasi dinamikanın təhlili əsasında irəli sürülən ehtimaldır. Hadisələrin gedişatı isə ümumilikdə bu istiqamətdə müəyyən meyllərin olduğunu göstərir".
Xədicə BAXIŞLI