AZ

Kubanda məktəbdə baş verən atışma nəticəsində iki şagird yaralanıb

Moskva, 12 may, AZƏRTAC

Krasnodar diyarının Qulkeviç rayonunda məktəb şagirdinin açdığı atəş nəticəsində iki yeniyetmə yaralanıb.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, hadisə M.İ.Korotkov adına 1 nömrəli məktəbdə baş verib. İlkin məlumata görə, doqquzuncu sinifdə oxuyan 16 yaşlı şagird dərslər başlamazdan əvvəl məktəbin həyətində pnevmatik tapançadan atəş açıb. Nəticədə 15 yaşlı iki məktəbli xəsarət alıb. Güllə onlardan birinin gicgah nahiyəsinə, digərinin isə qarnına dəyib.

Zərərçəkənlərə operativ tibbi yardım göstərilib. Həkimlərin məlumatına görə, yeniyetmələrin vəziyyəti qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur.

İstintaqın məlumatına əsasən, yeniyetmə pnevmatik silahı anasının hesabından istifadə etməklə internet üzərindən sifariş edib. Hadisədən sonra o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Medianın məlumatına görə, yeniyetmə əvvəllər profilaktik qeydiyyatda olmayıb. Məktəb şagirdlərinin sözlərinə görə, atasının ölümü ona pis təsir edirdi, həmçinin rus dili üzrə sınaq imtahanından keçə bilməyib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Seçilən
49
3
azertag.az

4Mənbələr