AZ

MEDİA-da dəyirmi masa: “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır”  

Mayın 12-də Medianın İnkişafı Agentliyi tərəfindən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa təşkil edilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masaya moderatorluq edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli regional və qlobal çağırışların geniş vüsət aldığı müasir dövrdə davamlı sülhün təmin olunmasının, təhlükəsizliyin möhkəmləndirilməsinin və dayanıqlı inkişaf mühitinin formalaşdırılmasının dövlətlərin əsas prioritetlərindən olduğunu bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasət regionda əməkdaşlıq münasibətlərinin genişlənməsi, konstruktiv dialoqun inkişafı və uzunmüddətli etimad mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın sülh siyasətinin arxasında Prezident İlham Əliyevin qətiyyəti, dövlətin ardıcıl siyasi xətti və praktiki fəaliyyət dayanır. Bu baxımdan Azərbaycanın yaratdığı model beynəlxalq münasibətlər sistemində xüsusi diqqət çəkir və yeni siyasi yanaşma nümunəsi kimi qiymətləndirilir.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov çıxışında beynəlxalq vasitəçilik təcrübələri və müasir geosiyasi reallıqlar kontekstində regional təhlükəsizlik məsələlərinə toxunub. O bildirib ki, hazırkı mərhələdə regionda yeni əməkdaşlıq imkanlarının yaranması, kommunikasiya əlaqələrinin genişlənməsi və uzunmüddətli inkişaf üçün əlverişli siyasi mühitin formalaşması xüsusi aktuallıq kəsb edir.

Milli Məclisin deputatı Fariz İsmayılzadə regionda müşahidə olunan geosiyasi gərginliklər fonunda Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşmalar regionda davamlı sabitliyin təmin olunması baxımından xüsusi önəm daşıyır.

Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxışında qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklər fonunda Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakının və çoxtərəfli münasibətlərin inkişafına verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycanın həyata keçirdiyi balanslı və praqmatik siyasət müxtəlif tərəfdaşlar arasında etibarlı münasibətlərin qurulmasına, regional kommunikasiyaların inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edir.

Tarixçi-alim Rizvan Hüseynov çıxışında qlobal təhlükəsizlik mühitinə təsir göstərən müasir çağırışlardan bəhs edib. Vurğulayıb ki, beynəlxalq münasibətlər sistemində humanitar yanaşmaların, mədəni dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi dövlətlər arasında daha sağlam münasibətlərin qurulmasına və ortaq maraqlar əsasında əməkdaşlığın inkişafına imkan yaradır.

Dəyirmi masa çərçivəsində iştirakçılar tərəfindən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə, həmçinin sülh gündəliyinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində medianın rolunun vacibliyi qeyd olunub.

Seçilən
18
18
azerbaijan-news.az

10Mənbələr