Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Zəngilan sakinləri ilə görüşündə bildirib ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirdi ki, Prezident İlham Əliyev çox həssas məsələyə toxunub:
"Ona görə ki, Ermənistan seçki ərəfəsindədir, revanşist qüvvələr hakimiyyətə qayıtmaq istəyirlər. Dövlət başçısı bununla da Ermənistan cəmiyyətinə bir xəbərdarlıq edib. Mən vaxtilə təklif etmişdim ki, seçki ərəfəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün qoşun növlərinin iştirakı ilə sərhədə yaxın ərazilərdə hərbi təlimlər keçirməlidir. Biz Ermənistan cəmiyyətinə açıq mesaj verməliyik ki, revanşistlərin hakimiyyətə gəlməsi bizim üçün qəbuledilməzdir və bu, münasibətlərə mütləq ciddi təsir göstərəcək.
Hazırda Azərbaycan Ermənistana yanacaq satır. Azərbaycanın üzərindən Ermənistana yüklər daşınır və bu da malların maya dəyərini aşağı salır, nəticədə ermənilər malları daha ucuz qiymətə ala bilirlər. Bu baxımdan hesab edirəm ki, Ermənistan cəmiyyəti prezidentin bu müraciətindən nəticə çıxarmalıdır. Əlbəttə, bizim cəmiyyətimiz də hazır olmalıdır ki, Ermənistanla münasibətlər yenidən pozula bilər", - deyə millət vəkili vurğuladı.
Aytəkin TOFİQQIZI