AZ

BMT Hörmüz boğazının bağlanmasının fəsadlarını vurğulayıb

Baş katib Hörmüz boğazında naviqasiya azadlığının tam bərpasına çağırışını təkrarlayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-İsrail və İran arasındakı müharibə fonunda Hörmüz boğazının bağlanmasının yaratdığı qiymətlər artımına, eləcə də bu vəziyyətin müxtəlif ölkələrin əhalisinə mənfi təsirinə diqqət çəkib.

BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq təşkilatın Nyu-Yorkdakı qərargahında keçirilən mətbuat konfransında Yaxın Şərqdəki son hadisələrdən danışıb.

Haq BMT Baş katibi Antonio Quterreşin müharibə səbəbindən Hörmüz boğazının uzun müddət bağlanmasının qlobal ticarətə mənfi təsiri ilə bağlı fikirlərinə istinad edib.

BMT rəsmisinin dediyinə görə, "baş katib jurnalistlərə danışarkən, xüsusilə enerji və gübrə qiymətlərinin kəskin artması səbəbindən Hörmüz boğazında davam edən vəziyyətin bir çox Afrika ölkəsinə ciddi və mənfi təsirini ətraflı izah edib". Haq bildirib ki, Quterreş Keniyanın paytaxtı Nayrobidəki BMT ofisinin ərazisində tikiləcək yeni konfrans zalının təməlqoyma mərasimində iştirak edib və orada jurnalistlərlə görüşüb. Haqqın qeyd etdiyi kimi, Baş katibin "Hörmüz boğazında naviqasiya azadlığının tam bərpası" çağırışını təkrarlaması qlobal medianın diqqətini çəkib.

Ötən ayın 27-də  BMT Təhlükəsizlik Şurasında eyni məsələ ilə bağlı çıxış edən Quterreş su yollarının təhlükəsizliyinin "beynəlxalq nizamın sınağına" çevrildiyini və mövcud vəziyyətin, xüsusən də Afrika və Cənubi Asiyada "milyonlarla insanı aclığa və yoxsulluğa sürüklədiyini" bildirib.

Quterreş həmçinin Hörmüz boğazında naviqasiya hüquqlarına və azadlıqlarına hörmət etməyin vacibliyini vurğulayıb.

"Mən tərəflərə müraciət edirəm: boğazı açın, gəmilərin ödənişsiz və ayrı-seçkilik olmadan keçməsinə icazə verin, ticarətin bərpasına imkan yaradın və qlobal iqtisadiyyata nəfəs almaq şansı verin", - deyə BMT Baş katibi bildirib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr